Uzun müddətdir gözlənilən bu xəbər "Jump Press" tədbirində qısa bir təqdimat videosu ilə izləyicilərə təqdim edilib.
Qaranlıq Atmosfer və İddialı Yaradıcı Heyət
Yayımlanan ilk təqdimat videosunda seriyanın baş qəhrəmanı Chihiro Rokuhira ön planda yer alır. Qısa kadrlar animenin sərt atmosferini və kəskin aksiyon yönümlü hekayəsini izləyiciyə uğurla çatdırır.
"Kagurabachi" animesinin istehsalı Cypic Studios tərəfindən həyata keçirilir. Bu stüdyo daha əvvəl “Umamusume: Pretty Derby” və “The Summer Hikaru Died” kimi uğurlu layihələrlə yadda qalıb.
Layihənin rejissor kürsüsündə isə aksiyon səhnələri üzrə ixtisaslaşan Tetsuya Takeuchi əyləşir. Onun portfelində Naruto, Lycoris Recoil, Sword Art Online və Heavenly Delusion kimi nəhəng işlər var. Xüsusilə qılınc döyüşləri və magiya əsaslı savaşların mərkəzdə olduğu bir manqa üçün bu, ən mükəmməl seçim hesab olunur.
Takeuchi canlı yayım zamanı layihə ilə bağlı həyəcanını bu sözlərlə ifadə edib:
"Kagurabachi deyiləndə ağıla katana gəlir! Və daha çox katana! Həmçinin, xarizmatik personajlar və dərin bir dram... Bütün bu elementləri ekrana daşımaq üçün çox çalışacağam. Həm manqanın sadiq oxucularının, həm də seriya ilə ilk dəfə tanış olacaq izləyicilərin zövq alacağı bir iş ərsəyə gətirməyi hədəfləyirəm!"
Animenin qəhraman dizaynları isə Erased, Blue Exorcist və The Seven Deadly Sins kimi layihələrdən tanıdığımız Keigo Sasakiyə həvalə edilib.
Bu anonsla bərabər "Kagurabachi" üçün xüsusi bir dünya turu da elan edilib. Bu yay baş tutacaq tədbirlər çərçivəsində, qlobal anime festivallarında iştirak edən seçilmiş izləyicilərə ilk bölümün ilk 20 dəqiqəsi nümayiş olunacaq. Tur Yaponiyada başa çatacaq və orada birinci seriyanın kəsilməmiş versiyasının dünya premyerası keçiriləcək.
Manganın yaradıcısı Takeru Hokazono isə bu əlamətdar hadisəni qeyd etmək üçün pərəstişkarlarla xüsusi bir illüstrasiya bölüşüb.
Məlumat üçün: İlk dəfə 2023-cü ildə nəşr olunmağa başlayan "Kagurabachi", xüsusilə qərbli oxucular arasında böyük rezonans doğurub. Qeyd edək ki, davam edən manqanın 11-ci cildi isə 1 may (2026) tarixində Yaponiyada satışa çıxarılacaq. Animenin hansı platformada yayımlanacağı və ümumi seriya sayı isə hələlik sirr olaraq qalır.