"SN Operator" adlı yeni qurğu istifadəçilərə orijinal Super Nintendo (SNES) və Super Famicom kasetlərini birbaşa kompüterdə oynamağa imkan yaradır. Şirkətin daha əvvəl buraxdığı və böyük rəğbət qazanan "GB Operator" (Game Boy kasetləri üçün olan versiya) cihazının uğurundan sonra hazırlanan bu yeni model, retro oyun həvəskarları üçün nəzərdə tutulub.
Cihaz USB-C vasitəsilə PC, Mac və ya Linux əməliyyat sistemli kompüterlərə qoşulur. Epilogue-un şəxsi proqram təminatı sayəsində istifadəçilər kasetdəki oyunu heç bir əlavə quraşdırmaya ehtiyac olmadan işə sala bilərlər. Bu sistemin ən böyük üstünlüklərindən biri odur ki, o, kasetin içindəki oyunun yaddaşını **(save file) **oxuya və redaktə edə bilir. Beləliklə, oyunçular illər əvvəl kasetdə qaldıqları yerdən pc-də davam edə biləcəklər. Hətta pc-dəki misya irəlləyişlərini kasetin yaddaşına köçürə biləcəklər.
Bundan əlavə, “SN Operator” kasetlərin orijinal olub-olmadığını yoxlamaq qabiliyyətinə malikdir ki, bu da kolleksiyaçılar üçün vacib funksiyadır. Cihaz həmçinin Super Game Boy adapterini də dəstəkləyir, yəni bu adapter vasitəsilə Game Boy oyunlarını da oynamaq mümkündür. 95 dollar qiymətində olan cihaz hazırda ön sifarişə açılıb və 2025-ci ilin payız aylarında sifarişçilərə göndərilməyə başlanacağı gözlənilir.