THE DOXSANDOQQUZ

99

3 dəq oxuma vaxtı

“Metro 2039” oyunu haqqında analizimiz

Qaranlıq reallıqdan doğulan möhtəşəm fantaziya

Bəhlul Həsənli

3 həftə əvvəl

“Metro” seriyasının yaradıcısı olan Ukrayna oyun şirkəti “4A Games” studiyası, 2019-cu ildə “Metro Exodus”u yayımladıqdan sonra sözün əsl mənasında cəhənnəm əzabın çəkdilər. Oyun şirkəti bütün dünya ilə birlikdə 2020-ci ilin pandemiya çətinliklərinə dözsə də, əksəriyyətimizdən fərqli olaraq, öz ölkələrinin Rusiya ilə olan qanlı və hələ də davam edən müharibəsinin göbəyinə düşdü. Bu sarsıdıcı hadisələr post-apokaliptik oyun franşizasının dördüncü əsas oyunu olan “Metro 2039”un istiqamətini kökündən dəyişib.

4A Games, Metro 2039.
4A Games, Metro 2039.

“Metro” kainatı Dmitri Qluxovskinin romanlarından ilhamlanır. Hadisələr nüvə müharibəsi nəticəsində məhv olmuş Moskvada cərəyan edir. Radiasiyalı səth mutasiyaya uğramış canlıların əlinə keçdiyi üçün sağ qalan insanlar yeraltı metro tunellərinə sığınıblar. Seriya həmişə ağır atmosferi ilə seçilib, lakin “Metro 2039“un nümayiş etdirilən ilk kadrlarını sadəcə “qaranlıq” adlandırmaq kifayət etmir.

4A Games, Metro 2039.
4A Games, Metro 2039.

Tərtibatçıların təqdimatında göstərilən treylerdə qaz maskası taxmış bir əsgərin qaranlıq meşədə gəzdiyini görürük. Yaxınlıqdakı səsucaldandan gələn avtoritar bir səs ona “oyanmağı” əmr edir, təmiz hava və parlaq gələcək vəd edir. Yerdə uşaq rəsmləri səpələnib. Əsgər bir kağızı qaldıranda qarşısında qırmızı saçlı kiçik bir qız peyda olur. Birdən əsgər zəncirlər dənizində boğulmağa başlayır, kiçik qız isə buna heç bir reaksiya vermədən tamaşa edir.

4A Games, Metro 2039.
4A Games, Metro 2039.

Səhnə dəyişir: Əsgər qatara tərəf qaçır. Digər hərbçilər zəncirlənmiş uşaqları vaqonlara doldurur. Uşaqların panika içindəki fəryadları fonunda əsgər qatarın ardınca qaçsa da, ayağına bağlanan zəncir onu yerə yıxır. O, metro tunelində oyanır və qarşısında bir qadın görür. Qadın hər şeyin onunla bağlı olduğunu deyir, əsgər isə bunu inkar edərək uşaqların yerini soruşur. Bu vaxt göy üzü alışır – Moskva nüvə atəşində yanır. Dağıdılmış sinif otağında simasız, beyni yuyulmuş uşaqlar “düşmən məhv edilməlidir!” deyə qışqırır. Seriyadan tanıdığımız "Qaranlıq olanlar" (Dark Ones) peyda olanda əsgər atəş açır, lakin sonda məlum olur ki, o, xilas etmək istədiyi uşaqlardan birini vurub.

4A Games, Metro 2039.
4A Games, Metro 2039.

“4A Games” bildirir ki, “Metro 2039” hekayəyə fokuslanmış, tək nəfərlik oyun olacaq. Baş qəhrəman “The Stranger” kimi tanınan, kabuslardan əziyyət çəkən bir əsgərdir. Studiya təsdiqləyib ki, bu dəfə qəhrəmanımız tam səsləndiriləcək (əvvəlki oyunlarda baş qəhrəman susqun idi). O, bir vaxtlar qayıtmayacağına and içdiyi yerə, insanların məskəni olan Metro tunellərinə yollanmalıdır. Onun niyə and içdiyi və niyə geri qayıtmağa məcbur olduğu hələlik sirr olaraq qalır.

4A Games, Metro 2039.
4A Games, Metro 2039.

Əvvəlki oyunlar müharibə əleyhinə bir manifest idi, lakin “2039”un tonu birbaşa studiyanın Ukrayna-Rusiya müharibəsində yaşadığı dəhşətlərdən qaynaqlanır.

“2020-ci ildə planlaşdırdığımız hər şey 2022-ci ildə tamamilə dəyişdi,” – deyə icraçı prodüser Con Blox bildirir.

Kreativ direktor Andrey Şevçenko isə əlavə edir ki, oyunun əsas mövzusu “sükutun qiyməti, tiraniyanın dəhşətləri və azadlığın bədəli” üzərində qurulub. Studiya bəşəriyyətin ən pis tərəflərini nümayiş etdirməkdən çəkinməyəcək.

Tərtibatçılar real müharibəni – raket hücumlarından sığınmağı, generatorlarla işləməyi – bədiiləşdirib “lunaparka” çevirmək istəmədiklərini vurğulayırlar. Bununla belə, bu, hələ də bir "Metro" oyunudur.

  • Detallar: Qaz maskasının şüşəsini kirlənmədən təmizləmək, qol saatındakı oksigen səviyyəsini izləmək və radiasiya ölçən cihazın həyəcanlı səsi geri qayıdır.
  • Düşmənlər: Nümayiş olunan qısa kadrda "qurd-köstəbək" qarışığı olan nəhəng mutantlarla yaxın döyüş də, diqqət çəkir.
  • Döyüş: Silah sursat yenə də olduqca azdır. Hər mərmini hesablayacağıq. Mənim fikrimcə “Metro 2039” sadə bir oyun deyil, Ukraynalı tərtibatçıların travmalarını sənət vasitəsilə dünyaya çatdırmaq formasıdır. İnsan faktorunun, seçimlərin və mənəviyyatın ön plana çıxacağı bu oyun, post-apokaliptik janrın zirvəsi olmağa namizəddir.