Oyun dünyasının nəhənglərindən biri olan NetEase, əfsanəvi "Yakuza" seriyasının yaradıcısı Toşiro Naqoşi tərəfindən qurulan Nagoshi Studio-nun maliyyələşdirilməsini dayandırır. 2026-cı ilin may ayından etibarən studiya taleyin ümidinə buraxılacaq.
Bloomberg-in insayder mənbələrinə istinadən verdiyi məlumata görə, işçilər bu qərar barədə ötən cümə günü (6 mart) məlumatlandırılıblar. NetEase-dən səlahiyyətli şəxs xəbəri təsdiqləsə də, detallar barədə geniş açıqlama verməkdən yayınıb.
Lakin məsələyə yaxın olan şəxslər bildirirlər ki, maliyyənin kəsilməsinə səbəb studiyanın debüt layihəsi olan "Gang of Dragon" oyununu tamamlamaq üçün əlavə 7 milyard yen (təxminən 44.4 milyon dollar) vəsait tələb etməsidir. NetEase rəhbərliyi bu məbləği ödəməkdən imtina edib.
Xatırladaq ki, ötən ilin dekabrında The Game Awards mərasimində "Gang of Dragon" üçün maraqlı bir tizer nümayiş olunmuşdu. İndi isə studiya çətin vəziyyətdədir. Məlumata görə, Naqoşi hazırda yeni sponsorlar axtarır, lakin hələ ki, heç bir nəticə yoxdur. NetEase studiyaya bildirib ki, onlar müstəqil davam edə bilərlər, lakin oyunun aktivlərini və brend adını saxlamaq istəyirlərsə, bütün xərcləri özləri qarşılamalıdırlar.
2021-ci ildə qurulan Nagoshi Studio, NetEase-in qlobal konsol bazarına daxil olmaq planlarının əsas hissəsi idi. Lakin son bir ildə şirkət bir çox studiyasını bağlayıb və ya yenidən qurub:
- Bad Brain Game Studios - maliyyə tərəfdaşı tapa bilmədiyi üçün bağlandı.
- Fantastic Pixel Castle - müstəqil olmağa çalışsa da, bir ay sonra fəaliyyətini dayandırdı.
- Anchor Point Studios - keçən ay NetEase tərkibindən ayrılaraq müstəqil fəaliyyətə keçdiyini elan etdi.
Görünən odur ki, böyük büdcəli oyunlar dövründə hətta ən tanınmış adlar belə maliyyə zəmanəti ala bilmirlər.