THE DOXSANDOQQUZ

99

2 dəq oxuma vaxtı

"Stellar Blade"in tərtibatçısı "Shift Up", Shinji Mikaminin yeni studiyasını satın aldı.

"Bir oyun yaradıcısı olaraq baxışlarımızın və istiqamətimizin bu qədər üst-üstə düşdüyü başqa bir vəziyyət xatırlamıram", – deyə Mikami bildirib.

Bəhlul Həsənli

bir ay əvvəl

0:00
0:00

Cənubi Koreyanın oyun tərtibatçısı olan "Shift Up" şirkəti sənayenin veteranı Shinji Mikami tərəfindən qurulan yeni "Unbound" studiyasını öz tərkibinə qatıb.

"Shift Up"dan verilən məlumata görə, bu satınalma "Unbound"un gələcək oyunları sayəsində şirkətin həm qlobal PC, həm də konsol tərəfindəki imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Yayımlanan rəsmi elan videosunda Shinji Mikami qeyd edib ki, hazırda "Unbound" studiyası "kifayət qədər böyük bir oyun" üzərində işləyir və əsas hədəfləri əsl "şedevr" yaratmaqdır.

Məşhur oyun dizayneri yeni əməkdaşlıqla bağlı fikirlərini bu cür ifadə edib:

"Mən öz baxışımı və ideallarımı artıq daha net görürəm. Bir yaradıcı olaraq düşüncələrimizin bu qədər mükəmməl kəsişdiyi başqa bir vəziyyətdə olduğumu heç xatırlamıram. Karyeram davam etdikcə onlarla birlikdə işləməyə davam etmək istəyirəm. Uzun müddətdən sonra ilk dəfə olaraq kifayət qədər böyük bir oyun üzərində işləmək üçün prosesin tam mərkəzində olacağam və bunu səbirsizliklə gözləyirəm. Bu oyunu gözləyən bütün gamerlərə səslənirəm: ümid edirəm, çıxış tarixi üçün bir az da səbr edə bilərsiniz."

Müqavilənin şərtlərinə əsasən, "Shift Up" gələcəkdə "Unbound"un yeni oyunlarını yayımlayacaq və studiyaya öz qlobal xidmət imkanlarını inkişaf etdirməkdə lazımi dəstəyi göstərəcək.

"Shift Up" şirkətinin baş direktoru Hyung-Tae Kim də bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib:

"Shinji Mikaminin rəhbərlik etdiyi dünya səviyyəli inkişaf komandasını özündə birləşdirən 'Unbound' ilə qüvvələrimizi birləşdirməyi olduqca mənalı hesab edirəm. Bu satınalma bütün dünyadakı oyunçulara ən yaxşı oyun təcrübəsini təqdim etmək və 'Shift Up'ın qlobal miqyasda rəqabət qabiliyyətini daha da möhkəmləndirmək üçün mükəmməl bir fürsət olacaq."

Mikami isə əlavə edib ki, həm Hyung-Tae Kim, həm də bütün əməkdaşlarla tərəfdaşlıq etməkdən çox məmnundur: "Özü də aktiv bir yaradıcı olan Kim ilə güclü bir bağlılıq hiss edirəm. İnanıram ki, bu, diqqətimizi tamamilə yaradıcılığa yönəltməyimizə imkan verən ideal tərəfdaşlıqdır. Hər iki şirkət bir yumruq kimi birləşərək bizi izləyənlərin gözləntilərini doğruldacaq əyləncəli oyunlar yaratmaq üçün əlimizdən gələni edəcəyik."