Bu məqalədə hazırda oyun dünyasında baş verən çalxantıları və bu çalxantılı vəziyyətin oyunçulara necə mənfi təsir etdiyi haqqında danışacağam.
Bəlkə də, son bir və ya iki ildir ki, oyun dünyasında qəribə hadisələr baş verir. Kütləvi işdən çıxarmalar, böyük oyun şirkətlərinin monopolist davranışları, oyun hazırlayan proqramçılara və dizaynerlərə qarşı çalışdığı şirkətlərdə təzyiqlərin olunması və sairə... Bunun kimi saydıqca bitməyən hadisələr.
Halbuki belə baxsaq, oyun sektoru hazırda ən çox gəlir gətirən və ən çox pul xərclənən birinci əyləncə sektorudur. Siyahıda oyundan sonra ikinci yerdə film sektorudur. Yaxşı, bəs ən çox xərc qoyulan və sonda ən çox gəlir gətirən sektorda niyə çürümə baş verir?
Bu suala cavab tapmaq üçün məqaləni sona kimi səbirlə oxu. Yanına bir stəkan isti kofe al və sağ əlindəki barmaqla sadəcə scroll edərək məqaləni oxu.
Birinci fəsil. İntibah.
İntibah — Elmin, incəsənətin və düşüncənin inkişaf etdiyi dövrü ifadə edən termindir.
Oyun mədəniyyəti insanda bəlkə də uşaqlıqdan formalaşır. Çünki bu məndə belə olmuşdu. İl 2006... İlk dəfə 5-ci sinifdə oxuyarkən özümə aid bir kompüterdə oyun oynamışdım. Həmin o kompüteri atam ad günümdə almışdı. Səhv xatırlamıramsa, kompüterin markası “DELL” idi. Monitoru bəlkə də beş kilodan çox olardı. Kompüter masamda məndən bir az böyük bir ekranla baxışırdım. Həmin günkü xoşbəxtliyimi izah edə bilmərəm. Kompüter təcrübəm yox idi o zaman.
Kompüteri belə necə açacağımı və oyunları necə işə salacağımı belə bilmirdim. Hər gün məktəbdən səbirsizliklə qayıdıb, yeməyimi yeyib və bəzən də dərslərimi hazırlamadan birbaşa kompüterin arxasına əyləşirdim. Və atamdan xahiş edirdim ki, kompüteri işə salıb həmin oyunu... “Need for speed” və bəzən “Desert Storm”u işə salmasını istəyirdim. Bu iki oyun mənə “oyun mədəniyyəti” anlayışını aşıladı. Bəlkə də, elə bu mənim “intibahım” idi.
Bir müddət sonra artıq oyunları kömək istəmədən, hətta diskdən kompüterə yükləyib oynamağı öyrənmişdim. Və oyunlar zaman keçdikcə mənim həyatımın 30-40 faizini təşkil edirdi. Həmin vaxtlar yeni çıxan oyunlar stabil və xətası olmadan çıxırdı. Çünki hər kəsin evində internet yox idi və hər kəsin evində internet olsa belə ADSL modem yox idi. Mənim özüm belə, dial-up ilə kontur bənzəri kart alaraq internetə çıxış əldə edirdim.
Nə az, nə çox... 54-56 Kilobayt. Bu gülməli səslənə bilər, düzdür. Amma o gün üçün o sürət ilə internetə çıxış əldə etmək, sanki cənnətin giriş qapısının açarını tapmısan kimi bir şey idi.
İl 2008. Həmin il kompüterimi yeniləməli olmuşdum. Çünki adını belə bilmədiyim şirkətin iki oyunu 2009 və 2010-cu ildə yayımlanacaqdı. Həmin iki oyun “Assasin’s Creed 2” və “Splinter Cell: Conviction” idi. O iki oyun yayımlana qədər mən artıq hazır olmalı idim. Və hazır idim demək olar. Atam yenə ad günümdə mənə yeni bir sürpriz hazırlamışdı. Lakin bu sürprizi öncədən bilirdim, çünki kiçik bir spoiler vermişdi daha öncədən. Ad günüm oldu, yeni kompüterimi qurdum və o iki oyunun çıxmağını gözlədim.
Zaman çatmışdı. Hər iki oyunu oynamağa hazır idim. İki oyunu da bir il ara ilə kompüterə yüklədim və oynadım. Gözlərimə inana bilmirdim. Qrafikaları, hekayələri və musiqiləri məni məndən almışdı. Hər iki oyuna aşiq olmuşdum. Və elə həmin günlərdə mən artıq “Ubisoft” şirkətini tanımışdım. “Rockstar Games”-dən sonra ikinci favorit şirkətim “Ubisoft” olmuşdu. Üçüncü isə “EA Games” idi.
Elə məhz bu məqalə bu adlarını sadaladığım üç şirkətin, hazırkı çalxantılı və xaos dolu vəziyyəti haqqında olacaq.
İkinci fəsil. Babylon.
Babylon — e.ə. II minilliyin əvvəllərində Mesopotamiyada, Babil şəhərində Tanrıya çatmaq məqsədilə ucaldıldığı rəvayət edilən nəhəng bir zikkuratdır. Dəfələrlə dağılıb yenidən bərpa edildiyi rəvayət edilir. Sonuncu dəfə isə Makedoniyalı İsgəndər tərəfindən yenidən qurulmaq istənilsə də, yarımçıq qaldığı bildirilir.
“Ubisoft” və “EA Games” oyun sektorunda o qədər irəliləmişdilər ki, özlərini artıq Tanrı kimi görürdülər. Hazırladıqları hər oyun milyonlarla kopya satırdı. “Ubisoft”-da artıq iş o həddə çatmışdı ki, hər il eyni oyun seriyasından bir oyunu yayımlayırdı. Eyni oyun mexanikası, eyni qrafika və eyni mənasız missiyalar ilə oyunçuları yola verirdilər. Bir neçə il oyunçulardan səs-səmir çıxmadı. Hamı alır, hamı oynayır, bəyənəndə olur, söyüb-batıranda... Lakin buna baxmayaraq yenə eyni adlı şirkətin oyunları milyonlarla kopya satmağı bacarırdı.
Bu iki şirkəti birləşdirən tək bir ortaq nöqtə var idi. Birdən-birə güclü hekayəli oyunlar hazırlamaq əvəzinə “live-service” adı verilən oyunlar hazırlamağa başladılar. Live-service oyunlar bir dəfə yayımlanırdı və bir neçə il yeni əlavələr sayılan “sezon paketləri” ilə ömrü uzadılırdı. Yeni skinlər, yeni oyun xəritələri və yeni silahlar. Bir sözlə boş-boş zibillik. İkisi də əlbəttə ki, tutuzdura bilmədi. Nə qədər çox yatırım edirdilərsə həmin oyunlara, elə o qədər də çox itirirdilər. Çünki artıq oyunçular qəflət yuxusundan oyanmışdı. Heç kimin gözü artıq bağlı deyildi. Artıq hamı hər il bir-birinin kopyası olan və live-servis oyunlarını oynamırdı. Hər yeni oyun onlar üçün hissə dəyərinin itirilməsinə bərabər idi.
Keçən ilin sonu, elə bu ilin yanvar ayından, “Ubisoft” şirkətinin çox hissəsini Çin şirkəti olan “Tencent” aldı. Bunla birlikdə “EA Games” şirkəti də ərəblərə satıldı. Hazırda biri çinlilərin, digəri isə ərəblərin əlindədir. Bir neçə gün öncə “Ubisoft” şirkəti yeddi oyununu ləğv etdiyini, yəni tarix verilmədən təxirə saldığını elan etdi. Bu onlar üçün çox pis oldu. Bu xəbər elan edilən günü “Ubisoft”-un hissə dəyərləri ən diblərə endi. Bir gün sonra isə artıq “Watch Dogs” oyun seriyasından birdəfəlik imtina edildiyini açıqladılar. Düşünürəm ki, bu şirkətin artıq son çırpınışlarıdır.
“EA Games” sonuncu çıxardığı oyun “Battlefield 6” isə gözləntiləri qarşılamadı. Əlində ən güclü kartı oynamışdı halbuki “EA”. Amma bu onun köməyinə çatmadı. Düzdür, hər iki şirkətin növbəti addımı, qərarı nə olacaq bilmirik, amma görünən odur ki, hər iki şirkət əvvəlki hörmətini nəinki oyunçular, heç investorlar qarşısında da qoruyub-saxlaya bilmədi... və oyun sektorunda qurduqları “Babylon” qülləsi oyunçular və investorlar tərəfindən yerlə bir edildi. Keçmişə dönüb baxsaq görərik ki, bu iki şirkətin keçmişdə çıxardıqları oyunları bəlkə də şedevr hesab etmək olardı. Öz zamanı üçün çox yaxşı oyunlar idi.
Üçüncü fəsil. Xaos.
Xaos — kainatın yaranmazdan əvvəlki formalaşmamış, nizamsız və qarışıq ilkin halıdır, həmçinin məcazi mənada cəmiyyətdəki hərc-mərclik və qaydasızlığa deyilir.
Bilmirəm oyun gündəmini nə qədər aktiv izləyirsən. Amma yəqin ki, hansısa biri sənin qarşına çıxmışdı. Bir neçə il öncə “Ubisoft” şirkətində bir neçə qadın işçiyə qarşı cinsi istismar halı baş vermişdi. Söhbətin üstü bir müddət keçəndən sonra bağlanmışdı. Bəlkə də, şirkətin “ailə” şirkəti olması bu ağız büzən söhbəti tezbazar bağlamağa köməkliyi olmuşdu. Elə o günlərdən şirkət daxilində çalxalanmalar baş verməyə başladı. Zaman keçdikcə yuxarı vəzifəli və öz sahəsində bacarıqlı olan bir neçə oyun rejissorları, ssenaristləri, dizaynerləri və proqramçıları işdən çıxarıldı. Ya onlar həqiqəti bilirdilər deyə işdən çıxarılmışdılar, ya da daxildə yenidənqurma işlərinə start verilmişdi.
Bir-birinin kopyası olan oyunların çıxarılması daha da sürətləndi. Artıq hər il yeni bir “Assasin’s Creed” görməyə başlamışdıq. Şirkət bütün gücünü ora yönəltmişdi. Amma son çıxan “Assasin’s Creed: Shadows” istədikləri uğuru onlara qazandıra bilmədi. Oyun gözləntilərini qarşılamadı satış mənasında.
Təsəvvür edirsən? Şirkətdən çıxıb öz şirkətini quran Guillaume Broche keçən ilin dekabr ayında hazırladığı oyun GOTY mükafatı qazandı. Adamın şirkətin çıxmağının ən böyük səbəbi, yaradıcılığını orada istifadə etməyə icazə verilməməsi idi. Yəni şirkət orada işçilərini sadəcə robot kimi şablon oyun düzəltməyə kökləmişdi. Yaradıcılığını işlətmək istəyən koloniyadan uzaqlaşmalı idi. Və fikrimcə Guillaume Broche düzgün seçim edib. Hazırladığı “Clair Obscur: Expedition 33” oyunu keçən il ən yaxşı oyun mükafatının sahibi oldu. Və bundan başqa oyun indiyə qədər ən çox mükafat qazanan ikinci oyun oldu. Birinci oyun “The Elder Scrolls V: Skyrim” idi.
Bir az “Ubisoft”dan danışdıqdan sonra, düşünürəm ki, indi sıra... hər yaş qrupundan olan insanın sevərək oyunlarını oynadığı “Rockstar Games” şirkətindədir.
Bir neçə ay öncə çox böyük skandallardan başı açılmayan “Rockstar Games”, “GTA 6”nın təxirə salınması ilə bir çox insanda şübhə, bəzilərində isə qorxu və nifrət yaratdı. Görəsən, hansı səbəbə görə oyun ikinci dəfə təxirə salınmışdı?
Bu sualın cavabı gün keçdikcə ortaya çıxmağa başladı. “Rockstar Games” şirkətində işləyən bir neçə əməkdaş, öz aralarında “Discord” kanalı açıb, orada rəhbərlik barəsində etirazlarını və maaş artımları ilə bağlı tələblərini paylaşırmışlar. Bunu bilən şirkət həmin əməkdaşları işdən uzaqlaşdırdı. Səbəb bu qədər sadə idi.
Lakin şirkət tam rəsmi olmasa da, dolayısı ilə bildirdi ki, həmin “Discord” kanalında “GTA 6” ilə bağlı məlumatları kənara sızdırırmışlar. Kimin haqlı olduğunu birbaşa nəticə çıxardaraq demək bir az qəlizdir. Lakin bundan aydın oldu ki, hamının sevimlisi olan bu şirkət... əslində o qədər də sevimli deyilmiş. İşdən uzaqlaşdırılan əməkdaşlar şirkətin qarşısında etirazlar etsələr də, şirkət tərəfindən heç bir reaksiya verilmədi.
Son.
Şablon kimi səslənəcək, amma həyat həqiqətən qəribədir. Bir çoxumuz oyun oynayaraq, film izləyərək həyatımızın hansısa bir zamanını o oyuna, elə həmin filmə xərcləyirik. Bu vəziyyətdən narazı olanlar da var, dəstəkləyənlər də.
“Bioshock” oyunundakı Andrew Ryan obrazının dediyi kimi: “Hamımız bir seçim edirik... və son nəticədə bizi biz edən, bu seçimlərimizdir.”
Mənim üçün çətinliklərin öhdəsindən gəlməyin qəribə bir çıxış yolu oldu video oyunlar. Bacarmaq üçün dəfələrlə “Game Over” olmalısan... Çünki o xoşbəxt sonu mütləq görməlisən.