THE DOXSANDOQQUZ

99

22 dəq oxuma vaxtı

Bütün həyatını 1 günə necə qaydasına salmaq olar?

Əgər sən də mənim kimisənsə, yəqin ki, "Yeni İl Qərarları"nın axmaq bir şey olduğunu düşünürsən.

Bəhlul Həsənli

3 ay əvvəl

Məqalənin original mənbəsi: https://letters.thedankoe.com/p/how-to-fix-your-entire-life-in-1

Çünki insanların çoxu həyatlarını dəyişdirməyə tamamilə yanlış yoldan başlayırlar. Onlar bu qərarları sadəcə başqaları da edir deyə verirlər – biz status oyunlarından səthi mənalar yaradırıq – lakin bu qərarlar həqiqi dəyişim üçün lazım olan tələblərə cavab vermir. Həqiqi dəyişim isə, özünü bu il daha nizam-intizamlı və ya məhsuldar olacağına inandırmaqdan daha dərin bir şeydir.

Əgər sən də bu insanlardansansa, mən sənə yuxarıdan aşağı baxmaq fikrində deyiləm (yazılarımda bir az sərt olmağa meylliyəm). Mən əldə etdiyim hədəflərdən 10 qat daha çox hədəfdən imtina etmişəm. Düşünürəm ki, insanların çoxu üçün bu belə də olmalıdır. Amma insanların həyatlarını dəyişməyə çalışıb, demək olar ki, hər dəfə tamamilə uğursuzluğa düçar olması faktı dəyişməz olaraq qalır.

Bununla belə, yeni il qərarlarının axmaq olduğunu düşünsəm də, nifrət etdiyin həyatı analiz etmək hər zaman müdrik addımdır. Beləliklə, özünü daha yaxşı bir şeyə doğru ata bilərsən – bu barədə danışacağıq.

İstər biznes qurmaq, istər bədənini formaya salmaq, istərsə də 2 həftə sonra imtina etmədən daha mənalı bir həyat üçün risk etmək istə, mən davranış dəyişikliyi, psixologiya və məhsuldarlıq haqqında yəqin ki, daha əvvəl eşitmədiyin 7 ideyanı paylaşmaq istəyirəm. Beləliklə, sən 2026-cı ildə bunu həyata keçirə biləcəksən.

Bu yazı əhatəli olacaq. Bu, oxuyub unudacağın yazılardan deyil. Bu, əlfəcininə əlavə etmək, qeydlər götürmək və üzərində düşünmək üçün vaxt ayırmaq istəyəcəyin bir şeydir.

Sonda təqdim ediləcək protokol (psixikanın dərinliklərinə enmək və həyatda həqiqətən nə istədiyini üzə çıxarmaq üçün) tamamlanmaq üçün təxminən tam bir gün tələb edəcək, lakin təsiri bundan qat-qat uzun sürəcək.

Gəl başlayaq.

I – İstədiyin yerdə deyilsən, çünki orada olacaq insan sən deyilsən

Böyük hədəflər qoymağa gəldikdə, insanlar adətən uğur üçün lazım olan iki tələbdən birinə diqqət yetirirlər:

  1. Hədəfə doğru irəliləmək üçün hərəkətlərini dəyişdirmək (ən az vacib olan, ikinci dərəcəli).
  2. Davranışlarının təbii şəkildə formalaşması üçün kimliyini dəyişdirmək (ən vacib olan, birinci dərəcəli). İnsanların çoxu səthi hədəflər qoyur, ilk bir neçə həftə nizam-intizamlı qalmaq üçün özlərini motivasiya edirlər, sonra isə çox mübarizə aparmadan köhnə vərdişlərinə qayıdırlar. Çünki onlar möhtəşəm bir həyatı çürük təməl üzərində qurmağa çalışırdılar.

Əgər bu məntiqli gəlmirsə, gəl bir nümunəyə baxaq. Uğurlu birini düşün. Bu, möhtəşəm fizikaya sahib bir bodibilder, yüz milyonlarla dəyəri olan bir təsisçi/CEO və ya heç bir narahatlıq hissi keçirmədən bir qrup insanla söhbət edə bilən xarizmatik bir oğlan ola bilər.

Səncə, bodibilder sağlam qidalanmaq üçün özünü "məcbur edir"? CEO komandaya rəhbərlik etmək üçün özünü nizam-intizama salmaq məcburiyyətindədirmi? Kənardan sənə belə görünə bilər, amma həqiqət budur ki, onlar özlərini başqa cür yaşayarkən təsəvvür edə bilmirlər. Bodibilder qeyri-sağlam qidalanmaq üçün özünü məcbur etməli olardı. CEO zəngli saatdan sonra yataqda qalmaq üçün özünü məcbur etməli olardı və o, bunun hər saniyəsindən nifrət edərdi (burada nüanslar var, sadəcə bir anlıq mənə qulaq as).

Bəzi insanlara mənim həyat tərzim bir az ekstremal və nizam-intizamlı görünür. Mənə görə isə bu təbiidir və bunu başqa həyat tərzləri ilə müqayisə etmək üçün demirəm. Mən sadəcə bu cür yaşamaqdan zövq alıram. Anam mənə fasilə verməli, çölə çıxmalı və bir az əylənməli olduğumu deyəndə... Dilimi saxlayıb ona "Əgər əylənməsəydim, niyə etdiyim işi görərdim ki?" deməkdən çətinliklə çəkinirəm.

Növbəti cümlə sadə səslənə bilər, amma nə qədər insanın bunu anlamaması heyrətamizdir.

Əgər həyatda konkret bir nəticə istəyirsənsə, o nəticəyə çatmazdan çox əvvəl o nəticəni yaradan həyat tərzinə sahib olmalısan.

Kimsə 15 kq arıqlamaq istədiyini deyəndə, mən çox vaxt onlara inanmıram. Onların bacarıqlı olmadığını düşündüyüm üçün yox, sadəcə həmin insanın "Çəki atıb qurtarmağı səbirsizliklə gözləyirəm, beləcə yenidən həyatdan zövq ala bilərəm" dediyini çox eşitdiyim üçün. Səni məyus etmək istəmirəm, amma əgər sən o çəkini atmağa səbəb olan həyat tərzini ömürlük qəbul etməsən və səni əvvəlki yollarına bağlayan səbəbdən daha güclü bir cazibə qüvvəsi tapmasan, başladığın yerə geri qayıdacaqsan. Və sən heç vaxt geri qaytara bilməyəcəyin resursu – vaxtını – boşa xərclədiyini bədbəxt şəkildə deyəcəksən.

Sən özünü həqiqətən dəyişdiyin zaman, hədəfinə doğru irəliləməyən bütün vərdişlərin iyrənc görünməyə başlayır, çünki bu hərəkətlərin necə bir həyata gətirib çıxaracağı barədə dərin və köklü bir fərqindəliyin olur. Hazırkı standartlarınla razılaşırsan, çünki onların nə olduğunun və ya hara apardığının tam fərqində deyilsən. Bunu necə üzə çıxaracağımızı müzakirə edəcəyik, amma buna hazırlaşmaq lazımdır.

Dəyişmək istədiyini deyirsən. "Maliyyə azadlığı qazanmaq" və "sağlam olmaq" istədiyini deyirsən, amma hərəkətlərin bunun əksini göstərir və bunun bir səbəbi var. Və bu, düşündüyündən daha dərindir.

II – İstədiyin yerdə deyilsən, çünki orada olmaq istəmirsən

Yalnız hərəkətə güvən. Həyat sözlər səviyyəsində deyil, hadisələr səviyyəsində baş verir. Hərəkətə güvən. – Alfred Adler

Əgər kim olduğunu dəyişdirmək istəyirsənsə, zehnin necə işlədiyini anlamalısan ki, onu yenidən proqramlaşdıra biləsən. Zehni anlamağın ilk addımı bütün davranışların hədəf-yönümlü olduğunu dərk etməkdir. Bu, teleolojidir. Düşünəndə bu, bir növ aydındır, amma dərinə getdikdə, insanların çoxu bunu eşitmək istəmir.

  • Müəyyən bir məkana çatmaq istədiyin üçün irəli addım atırsan.
  • Qaşınmanı yox etmək istədiyin üçün burnunu qaşıyırsan. Bunlar aydındır, amma çox vaxt hədəflərin şüursuz olur. Məsələn, günün ortasında divanda oturanda, sadəcə növbəti məsuliyyətinə qədər vaxt öldürməyə çalışdığının fərqində olmaya bilərsən.

Daha şüursuz və mürəkkəb səviyyədə isə, sənə zərər verə biləcək hədəfləri izləyirsən, lakin hərəkətlərinə sosial cəhətdən qəbul edilə bilən və səni "luzer" (uduzmuş) kimi göstərməyən don geyindirərək haqq qazandırırsan.

Məsələn, işini təxirə salmağı dayandıra bilmirsənsə, bunu "nizam-intizam çatışmazlığı" ilə əsaslandıra bilərsən, amma əslində sən həmişə olduğu kimi bir hədəfə çatmağa çalışırsan. Bu halda, həmin hədəf işi bitirib paylaşmaqla gələcək mühakimədən (tənqiddən) özünü qorumaq ola bilər.

Əgər perspektivsiz işindən çıxmaq istədiyini deyib, heç bir real səbəb olmadan orada qalırsansa, cəsarətinin çatmadığını və ya heç vaxt "risk edən" biri olmadığını düşünə bilərsən. Amma həqiqət budur ki, sən təhlükəsizlik, proqnozlaşdırıla bilənlik hədəfini güdürsən və həyatında perspektivsiz işdə işləməyi uğur əlaməti kimi görən digər insanlara uğursuz görünməmək üçün bəhanə axtarırsan.

Buradakı dərs budur: real dəyişiklik hədəflərini dəyişdirməyi tələb edir.

Mən səthi bir hədəf qoymaqdan danışmıram, çünki bunu etmək aktının özü əslində sənə zərər verən şüursuz bir hədəfə xidmət edir. Bu mövzu məhsuldarlıq sahəsində kifayət qədər çeynənib. Mən baxış bucağını dəyişdirməkdən danışıram. Çünki hədəf elə budur. Hədəf, gələcəyə yönəlmiş bir proyeksiyadır və o, sənə həmin hədəfə çatmağa kömək edən məlumatları, ideyaları və resursları görməyə imkan verən qavrayış linzası rolunu oynayır.

İndi gəl bir az daha dərinə gedək, çünki bunu anlamasan, çıxış yolu tapmaq daha da çətinləşəcək.

III – İstədiyin yerdə deyilsən, çünki orada olmaqdan qorxursan

Yadda saxlamalı olduğun vacib şey odur ki, ideyanı necə əldə etdiyinin və ya onun haradan gəldiyinin heç bir əhəmiyyəti yoxdur. Sən heç vaxt peşəkar hipnozçu ilə qarşılaşmamış ola bilərsən. Heç vaxt rəsmi şəkildə hipnoz edilməmiş ola bilərsən. Lakin əgər sən bir ideyanı qəbul etmisənsə – özündən, müəllimlərindən, valideynlərindən, dostlarından, reklamlardan və ya başqa hər hansı mənbədən – və üstəlik, o ideyanın doğruluğuna qəti şəkildə əminsənsə, onun sənin üzərindəki gücü hipnozçunun sözlərinin hipnoz olunan şəxs üzərindəki gücü ilə eynidir. – Maxwell Maltz

Bu gün kim olduğunun və sabah kim olacağının formulu budur. Bu, kimliyin anatomiyasıdır:

  1. Bir hədəfə çatmaq istəyirsən.
  2. Reallığı o hədəfin linzasından qavrayırsan.
  3. Yalnız o hədəfə çatmağa imkan verən "vacib" məlumat və ideyaları fərq edirsən (öyrənmə).
  4. O hədəfə doğru hərəkət edirsən və irəlilədiyinə dair rəy alırsan.
  5. Bu davranışı avtomatik və şüursuz hala gələnə qədər təkrarlayırsan (şərtlənmə).
  6. O davranış kim olduğun barədə düşüncənin bir hissəsinə çevrilir ("Mən elə bir insanam ki...").
  7. Psixoloji bütövlüyü qorumaq üçün kimliyini müdafiə edirsən.
  8. Kimliyin yeni hədəfləri formalaşdırır, dövrə yenidən başlayır və əgər o kimlik yaxşı həyat üçün əlverişsizdirsə, vəziyyət çox tez pisləşir. Acı reallıq budur ki, sən 6-cı və 7-ci addımlar arasındakı dövrəni qırmalısan, lakin bu proses sən uşaq olanda başlayır. Sənin hədəfin sağ qalmaqdır. Necə sağ qalacağını öyrənmək üçün valideynlərindən asılısan. Uyğunlaşmalı idin. Və insanların çoxu mükafat və cəza yolu ilə öyrətdiyi üçün, onların inanclarını və dəyərlərini qəbul etməsən, cəzalandırılacaqsan. Buna kənardan baxana qədər əslində özün üçün düşünmürsən.

Lakin valideynlərin də bütün həyatları boyu bu prosesdən keçiblər. Təhlükəli hiss burasıdır. Valideynlərin, əgər özləri bu nümunəni qırmayıblarsa, Sənaye dövrünün qəbul edilmiş uğur ideyaları ilə şərtləniblər. Onlar həmçinin valideynlərinin və onların valideynlərinin ən yaxşı və ən pis şərtlənmələrini daşıyırlar.

Bir qat daha dərinə getsək, fiziki sağ qalma ehtiyaclarını ödədikdən sonra (bugünkü dünyada bunu etmək olduqca asandır, demək olar ki, təhlükəsizlik içində doğulursan), sən konseptual və ya ideoloji səviyyədə sağ qalmağa başlayırsan. Bədənini qorumağa və çoxaltmağa çalışmaya bilərsən, amma zehnini mütləq qoruyur və çoxaldırsan. İnternetdəki fikir müharibəsini görmək çətin deyil və iştirakçılar fərdi və qrup kimlikləridir.

Bədənin təhdid hiss edəndə, "savaş və ya qaç" rejiminə keçirsən. Kimliyin təhdid hiss edəndə də eyni şey baş verir.

Əgər bir siyasi ideologiya ilə güclü şəkildə eyniləşmisənsə (bayaq danışdığımız proseslə), kimsə inanclarına meydan oxuyanda təhlükə hiss edəcəksən. Sözün əsl mənasında stress keçirirsən. Emosional olaraq sanki kimsə sənə şillə vurubmuş kimi hiss edirsən. İnsanların çoxu emosiyalarını həqiqət üçün analiz etmədiyi üçün, sən "əks-səda otaqlarında" ilişib qalmağa və özünə, eləcə də başqalarına zərər verən iddiaları daha da gücləndirməyə meylli olursan.

Əgər dindar bir ailədə böyümüsənsə və özün üçün düşünməmisənsə, o kiçik qabarcıq daxilindəki psixoloji təhlükəsizliyini təhdid edən başqaları ilə savaşacaq və onlara hücum edəcəksən.

Özünü şüursuz şəkildə bir hüquqşünas, bir qeymer və ya daha yaxşı həyat üçün lazım olan addımları atmayan biri kimi gördükdə də eyni şey baş verir.

IV – İstədiyin həyat zehnin konkret bir səviyyəsində yatır

Zehin zamanla proqnozlaşdırıla bilən mərhələlər üzrə inkişaf edir. Doğulanda sən sanki balaca bir "sağ qalma süngəri"sən; təhlükəsiz və qorunmuş hiss etmək üçün bacardığın hər inancı (hansı ki, böyük ölçüdə mədəniyyətin tərəfindən diktə edilir) özünə çəkirsən. Və əgər diqqətli olmasan, zehnin bərkiyə bilər (kristallaşa bilər) və bu, mənalı bir həyat yaşamağı çətinləşdirə bilər.

Bu, Maslounun İyerarxiyası, Qroyterin Eqo İnkişaf Mərhələləri, Spiral Dinamika və İnteqral Nəzəriyyə kimi modellərdə kifayət qədər sənədləşdirilib, hər biri bir-birinin üzərində qurulub, lakin bunu cəmiyyətdə müşahidə etmək də çətin deyil.

Mən eqo inkişafının 9 mərhələsinin 80/20 qaydasını xatırlatmaq istəyirəm:

  1. İmpulsiv — İmpuls və hərəkət arasında heç bir fərq yoxdur. Ağ-qara düşüncə. Məsələn: Körpə əsəbiləşəndə vurur, çünki hiss və davranış eyni şeydir.
  2. Özünü Qoruyan — Dünya təhlükəlidir və sən öz qayğına qalmağı öyrənirsən. Məsələn: Uşaq qiymət cədvəlini gizlətməyi, ev işləri haqqında yalan danışmağı və böyüklərin nə eşitmək istədiyini anlamağı öyrənir.
  3. Konformist — Sən qrupunun bir parçasısan və onun qaydaları reallığın özü kimi hiss olunur. Məsələn: Kimsə ailəsindən və ya qrupundan fərqli səs verənləri heç cür başa düşə bilmir.
  4. Özünün Fərqində Olan — Daxili dünyanla xarici dünyanın uyğun gəlmədiyini fərq edirsən. Məsələn: Kilsədə (və ya başqa bir icmada) oturub, ətrafındakı hər kəsin inandığı şeyə inanıb-inanmadığından əmin olmadığını hiss edirsən, amma bu hisslə nə edəcəyini hələ bilmirsən.
  5. Vicdanlı (Məsuliyyətli) — Öz prinsiplər sistemini qurursan və özünü onlara qarşı cavabdeh tutursan. Məsələn: Diqqətli araşdırmadan sonra ailənin dinindən uzaqlaşmaq və müdafiə edə biləcəyin şəxsi fəlsəfəni qəbul etmək və ya düzgün səyin düzgün nəticələr verəcəyinə inandığın üçün aydın mərhələləri olan karyera planı qurmaq.
  6. İndividualist — Prinsiplərinin kontekst tərəfindən formalaşdığını görürsən və onlara o qədər də bərk yapışmırsan. Məsələn: Siyasi baxışlarının obyektiv həqiqətdən çox böyüdüyün yerlə əlaqəli olduğunu dərk etmək və ya iddialı karyera hədəflərinin əslində atanın təqdirini qazanmaqla bağlı olduğunu fərq etmək.
  7. Strateq — Sistemlərlə işləyirsən, eyni zamanda özünün də o sistemlərin içində olduğunun fərqindəsən. Məsələn: Kor nöqtələrini aktiv şəkildə sorğulayaraq bir təşkilatı idarə etmək və ya baxış bucağının qərəzli və natamam olduğunu bilərək siyasətlə məşğul olmaq.
  8. Konstrukt-Fərqindəliyi — Bütün çərçivələri, o cümlədən öz kimliyini faydalı uydurmalar kimi görürsən. Məsələn: Mənəvi inanclarını hərfi yox, metaforik qəbul etmək, xəritənin ərazi olmadığını bilmək və ya özünün "təsisçi" və ya "fikir lideri" rolunu oynamasını mülayim bir təbəssümlə izləmək.
  9. Vəhdət (Birləşdirici) — "Mən" və həyat arasındakı ayrılıq yox olur. Məsələn: İş, istirahət və oyun eyni şey kimi hiss olunur. Artıq nəsə olmağa ehtiyacı olan kimsə yoxdur, sadəcə baş verənlərə reaksiya verən "mövcudluq" var.
    © DAN KOE
    © DAN KOE

Bunu oxuyanların çoxunun 4 və 8 arasında olduğunu güman edirəm ki, bu da böyük bir boşluqdur. 8-ə yaxın olanlar bunu ya nəsə öyrənmək, ya da dağıdıcı olmayan şəkildə vaxt keçirmək üçün oxuyurlar. 4-ə yaxın olanlar isə həqiqətən dəyişiklik axtarırlar. Daha çoxuna layiq olduğunu hiss edirsən, amma hələ hər şeyi tam başa düşə bilmirsən, çünki ortada çox şey var. Yaxşı xəbər budur ki, hansı mərhələdə olmağının fərqi yoxdur, çünki onların hər hansı birindən keçmək eyni nümunəni izləyir.

V – İntellekt həyatdan istədiyini əldə etmək bacarığıdır

İntellektin yeganə real testi həyatdan istədiyini əldə edib-etməməyindir. – Naval Ravikant

Uğurun bir formulu var. Bir inqrediyent iradədir (agentlik/təşəbbüskarlıq). Digər inqrediyent fürsətdir (bir çox insanın "imtiyaz" kimi səhv saldığı şey – çünki digər inqrediyentlər onlarda yoxdur). Son inqrediyent isə intellektdir.

Əgər yüksək iradən var, amma fürsətin azdırsa, hədəfə doğru nə qədər hərəkət etməyinin əhəmiyyəti yoxdur, çünki bu, çox bəhrə verəcək bir hədəf deyil. Əgər fürsətin və iradən var, amma intellektin aşağıdırsa, o zaman o fürsətdən heç vaxt tam yararlana bilməyəcəksən. Birincisi, iradə haqqında əvvəllər danışmışıq. Fürsətə gəldikdə, fiziki məkanını dəyişdirməyi sənə deyə bilmərəm, amma əgər düz qarşındakı rəqəmsal fürsət bolluğunu görmürsənsə, sənə nə deyəcəyimi bilmirəm.

Bununla belə, mən diqqəti bu məktub və digər iki inqrediyent kontekstində intellektin nə olduğuna yönəltmək istəyirəm. Bunun üçün kibernetikaya baxırıq.

Kibernetika yunan sözü kybernetikos-dan gəlir, mənası "idarə etmək" və ya "yaxşı idarə edən" deməkdir. O, həmçinin "istədiyini əldə etmək sənəti" kimi də tanınır. Beləliklə, əgər Navalın intellekt tərifi həyatdan istədiyini əldə etməkdirsə, kibernetikanı anlamaq sənə bunu daha sürətli etməyə kömək edir. Kibernetika ağıllı sistemlərin xüsusiyyətlərini nümayiş etdirir.

  1. Hədəfə sahib olmaq.
  2. Hədəfə doğru hərəkət etmək.
  3. Harada olduğunu hiss etmək.
  4. Onu hədəflə müqayisə etmək.
  5. Və həmin rəy (feedback) əsasında yenidən hərəkət etmək.
    © DAN KOE
    © DAN KOE

İntellekti sistemin sınaq-yanılma yolu ilə təkrarlamaq (iterasiya) və israr etmək qabiliyyətinə görə mühakimə edə bilərsən. Kursdan çıxmış gəminin təyinat nöqtəsinə doğru düzəliş etməsi. Termostatın istilik dəyişikliyini hiss edib işə düşməsi. Qanda qlükoza qalxdıqdan sonra mədəaltı vəzin insulin ifraz etməsi. Bunun həyatdan istədiyini əldə etməklə nə əlaqəsi var? Hər şey.

Hərəkət etmək, hiss etmək, müqayisə etmək və sistemi meta-perspektivdən anlamaq yüksək intellektin (burada istifadə etdiyimiz təriflə) təməlidir. Yüksək intellekt təkrarlamaq, israr etmək və böyük mənzərəni anlamaq bacarığıdır. Aşağı intellektin əlaməti səhvlərindən öyrənə bilməməkdir.

Aşağı intellektli insanlar problemləri həll etmək əvəzinə onlarda ilişib qalırlar. Maneəyə rast gəlirlər və imtina edirlər. Məsələn, oxucu kütləsi yığa bilməyən və imtina edən bir yazıçı kimi; çünki o, yeni şeyləri sınamaq, eksperiment aparmaq və işləyən bir proses tapmaq bacarığına (effektiv bir proses yarada biləcəyinə inanmamaq yanlışdır, məhdudlaşdırıcı inanclarından asılı olmayaraq bu, aşağı intellektin göstəricisidir) sahib deyil.

Yüksək intellekt istənilən problemin kifayət qədər böyük zaman miqyasında həll edilə biləcəyini dərk etməkdir. Reallıq budur ki, ağlına qoyduğun istənilən hədəfə çata bilərsən. İntellekt, səni istədiyin hədəfə aparan bir sıra seçimlərin olduğunu dərk etməkdir. İdeyaların iyerarxik olduğunu və papirusdan birbaşa Google Docs-a keçə bilməyəcəyini anlayırsan. Həmin hədəf indi qeyri-mümkün olsa belə, sadəcə olaraq sənin o şeyi əldə etmək üçün resursların (hansı ki, növbəti bir neçə il ərzində ixtira oluna bilər) yoxdur.

Mən "hədəflər" haqqında danışanda və təkrarlamağa davam edəcəyim kimi, tipik özünü inkişaf linzasından danışmıram, baxmayaraq ki, bu da bəzən qəbul etmək üçün faydalı bir linzadır. Mən teleologiya və ya yunan kosmosu linzasından danışıram – hər şeyin bir məqsədə xidmət etdiyini. Hər şeyin daha böyük bir bütövün hissəsi olduğunu.

  • Hədəflər dünyanı necə gördüyünü müəyyən edir.
  • Hədəflər nəyi "uğur" və ya "uğursuzluq" hesab etdiyini müəyyən edir. "Səyahətdən zövq almağa" çalışa bilərsən, amma yanlış hədəfi izləyirsənsə, ondan zövq almayacaqsan. Zehnin reallıq üçün əməliyyat sistemidir. O sistem hədəflərdən ibarətdir. İnsanların çoxu üçün bu hədəflər onlara təyin olunub. Psixikalarına kod sətirləri kimi proqramlaşdırılıb. Məktəbə get. İşə düzəl. İncik düş. Qurban rolunu oyna. 65 yaşında təqaüdə çıx. İşləməyən məlum yol.

Daha intellektual olmaq üçün sən:

  1. Məlum yolu rədd etməlisən.
  2. Naməluma dalmalısan.
  3. Zehnini genişləndirmək üçün yeni, daha yüksək hədəflər qoymalısan.
  4. Xaosu qucaqlamalı və inkişafa icazə verməlisən.
  5. Təbiətin ümumiləşdirilmiş prinsiplərini öyrənməlisən.
  6. Dərin ümumiləşdirici olmalısan. Başa düşürəm ki, bu, intellektin ənənəvi tərifi olmaya bilər, amma bu addımlar ardıcıllığı beynində qeyri-adi səviyyədə əlaqələrin yaranmasına gətirib çıxarır ki, biz bunu intellektual insanda müşahidə edirik. Bunu iradə ilə birləşdir və qalib sən olacaqsan. Bu bizi mükəmməl şəkildə növbəti bölməyə aparır.

VI – Tamamilə yeni bir həyata necə başlamaq olar (1 gündə)

Mənim həyatımın ən yaxşı dövrləri həmişə heç bir irəliləyiş əldə etməməkdən tamamilə bezdiyim dövrlərdən sonra gəlib. Zehninin dərinliyinə necə enirsən? Şərtlənmələrinin necə fərqinə varırsan? Həyatının trayektoriyasını dəyişən dərin fərqindəliklərə və həqiqətlərə necə çatırsan? Sadə, lakin çox vaxt ağrılı olan sorğulama aktı vasitəsilə.

Çox az adamın etdiyi bir şey; bunu onların necə danışdıqlarından və ya konkret mövzuda fikirlərini necə bildirdiklərindən anlaya bilərsən. Sorğulamaq düşünməkdir və çox az adam bunu edir.

Sənə hər il həyatını yeniləmək və intensiv tərəqqi mövsümünə başlamaq üçün istifadə edə biləcəyin hərtərəfli bir protokol vermək istəyirəm. Bu protokol sənə düzgün suallar verməyə kömək edir. Bu suallar makrodan mikroya qədər hər şeyi əhatə edəcək: harada olmaq istəyirsən, ora çatmaq üçün nə etməlisən və nəticəyə təsir etmək üçün dərhal nə edə bilərsən.

Bunu tamamlamaq bir tam gün tələb edəcək, ona görə də məsləhət görürəm ki, protokola dəqiq əməl edəsən. Sənə qələm, kağız və açıq zəka lazım olacaq. Kimliyini uğurla dəyişən insanlardakı nümunələri müşahidə edəndə görürəm ki, bu, gərginliyin artmasından sonra sürətlə baş verir. Konkret olaraq, insanların keçməyə meylli olduğu 3 faza müşahidə etmişəm:

  1. Dissonans (Ahəngsizlik) – Onlar indiki həyatlarına aid olmadıqlarını hiss edirlər və irəliləyiş yoxluğundan kifayət qədər bezirlər.
  2. Qeyri-müəyyənlik – Sonra nə gələcəyini bilmirlər, ona görə ya eksperiment aparırlar, ya da azıb daha pis hiss edirlər.
  3. Kəşf – Nəyin ardınca getmək istədiklərini kəşf edirlər və 6 illik tərəqqini 6 ayda əldə edirlər. Beləliklə, bu protokolla hədəfimiz sənin dissonans nöqtəsinə çatmağına, qeyri-müəyyənlikdən keçməyinə və nail olmaq istədiyin şeyi həqiqətən kəşf etməyinə kömək etməkdir; elə ki, aydınlıq səni bürüsün və yayındırıcı amillər artıq öz təsirini itirsin.

Bu protokol elə qurulub ki, bir günə tamamlana bilsin. Səhər, öz gizli motivlərini üzə çıxarmaq üçün psixoloji qazıntı aparırsan. Gün ərzində, avtopilotdan çıxmaq və həyatın barədə düşünmək üçün özünü kəsintilərlə yönləndirirsən. Gecə isə fərqindəlikləri sabah hərəkətə keçəcəyin bir istiqamətə sintez edirsən. Bunun hamı üçün işləyəcəyinə zəmanət verə bilmərəm, çünki bunu oxuyan hər kəsin öz hekayəsinin bu məqamları təsirli edəcək doğru fəslində olduğuna zəmanət verə bilmərəm. Kitabın kulminasiya nöqtəsini əvvələ qoyub onun maraqlı olacağını gözləyə bilməzsən.

Hissə 1) Səhər – Psixoloji Qazıntı – Vizyon və Anti-Vizyon

Əvvəlcə zehninin fəaliyyət göstərməsi üçün yeni bir çərçivə və ya qavrayış linzası yaratmalıyıq. Bu, yeni bir qabıq yaratmaq, köhnəsini tərk etmək və zamanla yavaş-yavaş onun içində böyümək kimidir. Əvvəlcə sənə uyğun gəlmirmiş kimi hiss olunacaq. Bu yaxşı bir şeydir.

Bu suallar haqqında düşünmək və cavablandırmaq üçün 15-30 dəqiqə (bir YouTube videosunun uzunluğu... bunu edə bilərsən) ayır. Bu düşünmə prosesini süni intellektə həvalə etməyə çalışma. İstəyirəm ki, zehnindəki məhdudiyyəti qırasan. Əgər dərhal cavab verə bilmirsənsə, sonra onlara qayıt.

  1. Birlikdə yaşamağı öyrəndiyin küt və davamlı narazılıq nədir? Dərin iztirab yox, dözməyi öyrəndiyin şey. (Əgər nifrət etmirsənsə, dözəcəksən).

  2. Təkrar-təkrar şikayətləndiyin, amma heç vaxt dəyişdirmədiyin şey nədir? Keçən il ən çox dilə gətirdiyin üç şikayəti yaz.

  3. Hər şikayət üçün: Sənin davranışlarını (sözlərini yox) izləyən biri əslində nə istədiyin qənaətinə gələrdi?

  4. Hazırkı həyatın haqqında dərindən hörmət etdiyin birinə etiraf etməsi dözülməz olan həqiqət nədir? Bu suallar səni indiki həyatındakı ağrıdan xəbərdar etmək üçündür. İndi biz bunları mənim "anti-vizyon" adlandırdığım şeyə çevirməliyik – yaşamaq istəmədiyin həyatın amansız fərqindəliyi. Beləliklə, o mənfi enerjidən istifadə edərək səylərini müsbət istiqamətə yönəldə və daxili motivasiya ilə hərəkət edə bilərsən.

  5. Əgər növbəti beş il ərzində heç nə dəyişməsə, orta statistik bir Çərşənbə axşamını təsvir et. Harada oyanırsan? Bədənin necə hiss edir? Düşündüyün ilk şey nədir? Ətrafında kimlər var? Saat 9:00-dan 18:00-a qədər nə edirsən? Saat 22:00-da necə hiss edirsən?

  6. İndi bunu on il üçün et. Nələri qaçırmısan? Hansı fürsətlər bağlanıb? Kim səndən əlini üzüb? Sən otaqda olmayanda insanlar sənin haqqında nə deyirlər?

  7. Həyatının sonundasan. Təhlükəsiz versiyanı yaşadın. Nümunəni heç vaxt qırmadın. Bunun bədəli nə oldu? Özünə nəyi hiss etməyə, sınamağa və ya olmağa icazə vermədin?

  8. Həyatında kim artıq sənin indicə təsvir etdiyin gələcəyi yaşayır? Eyni trayektoriyada səndən beş, on, iyirmi il irəlidə olan kimdir? Onlara çevrilmək haqqında düşünəndə nə hiss edirsən?

  9. Həqiqətən dəyişmək üçün hansı kimlikdən imtina etməli olardın? ("Mən elə bir insanam ki...") Artıq o insan olmamaq sənə sosial baxımdan nəyə başa gələrdi?

  10. Dəyişməməyinin ən utancverici səbəbi nədir? Səni məntiqli yox, zəif, qorxaq və ya tənbəl göstərən səbəb?

  11. Əgər indiki davranışın bir növ özünü qoruma formasıdırsa, tam olaraq nəyi qoruyursan? Və o qoruma sənə nəyə başa gəlir? Əgər bunlara dürüst cavab versən və həyatının doğru fəslindəsənsə, dərin bir narahatlıq hissi və bəlkə də hazırda necə yaşadığına qarşı ikrah hiss edəcəksən. İndi biz o enerjini müsbət istiqamətə yönəltməliyik. Minimum Həyat Qabiliyyətli Vizyon (MVP) yaratmalıyıq, çünki vizyonun bir məhsul kimidir. Əvvəlcə qeyri-müəyyən başlayır, amma zaman və təcrübə ilə daha güclü və təsirli olur.

  12. Praktikliyi bir dəqiqəlik unut. Əgər barmaqlarını şaqqıldadıb üç il sonra fərqli bir həyat yaşaya bilsəydin (real olan yox, əslində istədiyin), bu nə olardı? Orta statistik bir Çərşənbə axşamı necə görünür? 5-ci sualdakı eyni detallıq səviyyəsi ilə.

  13. O həyatın məcburi yox, təbii hiss olunması üçün özün haqqında nəyə inanmalı olardın? Kimlik bəyanatını yaz: "Mən elə bir insanam ki..."

  14. Əgər artıq o insan olsaydın, bu həftə edəcəyin bir şey nə olardı? Bunların hamısını sabah səhər ilk iş olaraq cavablandır.

Hissə 2) Gün Ərzində – Avtopilotu Kəsmək – Şüursuz Nümunələri Qırmaq

Bu gündəlik tapşırıqları şirindir, amma biz real dəyişiklik istəyirik. Açığı, səni eyni saxlayan cari şüursuz nümunələri qırmasan, bu baş verməyəcək. Gün ərzində, birinci hissədə qeyd etdiyin hər şey haqqında düşünməyini istəyirəm. Bundan əlavə, düşünməyi unutmamağını istəyirəm. Xahiş edirəm buna ciddi yanaş. Həyatının qalan hissəsində eyni şeyi etməklə dəyişməyəcəksən. Şüurlu şəkildə nümunəni qırmağa məcbur etməlisən.

Elə indi telefonunda xatırlatmalar və ya təqvim hadisələri yaratmaq üçün vaxt ayır. Sualı xatırlatmaya və ya hadisəyə daxil et ki, dərhal bu barədə düşünməyə başlaya biləsən. Cədvəlinlə nə qədər təsadüfi və ziddiyyət təşkil etməyən olsa, bir o qədər yaxşıdır.

  • 11:00: Hazırda etdiyim şeyi etməklə nədən qaçıram?

  • 13:30: Əgər kimsə son iki saatımı lentə alsaydı, həyatdan nə istədiyim qənaətinə gələrdi?

  • 15:15: Nifrət etdiyim həyata, yoxsa istədiyim həyata doğru hərəkət edirəm?

  • 17:00: Vacib deyilmiş kimi davrandığım ən vacib şey nədir?

  • 19:30: Bu gün həqiqi istək əvəzinə kimliyi qorumaq xatirinə nə etdim? (İpucu: etdiyin əksər şeylər).

  • 21:00: Bu gün nə vaxt özümü ən canlı hiss etdim? Nə vaxt ən ölü hiss etdim? Oda bir az daha yanacaq tökmək üçün bu sualları yolda olduğun, gəzdiyin və ya uzandığın vaxtlara planlaşdır:

  • İnsanların məni [10-cu sualda yazdığın kimlik] kimi görməsinə ehtiyac duymağı dayandırsam, nə dəyişərdi?

  • Həyatımın harasında canlılığı təhlükəsizliyə dəyişirəm?

  • Sabah ola biləcəyim, çevrilmək istədiyim insanın ən kiçik versiyası nədir?

Hissə 3) Axşam – Fərqindəliyin Sintezi – Tərəqqi Mövsümünə Giriş

Əgər o prosesi izlədinsə, həyatının axarını dəyişə biləcək ən azı bir dərin fərqindəliyə sahib olmasan, təəccüblənərəm. İndi biz onları məlum etməli, kim olduğumuza inteqrasiya etməli və istəmədiyimiz həyatdan uzaqlaşacaq hərəkəti yerinə yetirmək üçün yeni zehin səviyyəsinə səyahətimizi möhkəmləndirməyə başlamalıyıq.

  1. Bu gündən sonra, niyə ilişib qaldığın barədə ən doğru hiss olunan şey nədir?
  2. Həqiqi düşmən nədir? Onu aydın şəkildə adlandır. Şərtlər deyil. Başqa insanlar deyil. Şounu idarə edən daxili nümunə və ya inanc.
  3. Həyatının nəyə çevrilməsinə icazə verməyəcəyini ifadə edən tək bir cümlə yaz. Bu sənin sıxılmış anti-vizyonundur. Onu oxuyanda sənə nəsə hiss etdirməlidir.
  4. Nəyə doğru inşa etdiyini ifadə edən tək bir cümlə yaz, bil ki, o inkişaf edəcək. Bu sənin Vizyon MVP-indir. Nəhayət, hədəflər yaratmalıyıq. Yenə də, bunlar nailiyyət xatirinə qoyduğun hədəflər deyil, çünki hədəflər sadəcə proyeksiyalardır. Onlar etibarsızdır və səni qaçılmaz olaraq dəyişəcək bir şeyə bağlı hiss etdirir. Bunun əvəzinə, hədəfləri baxış bucağı kimi düşün. İstəmədiyin həyatdan uzaqlaşdıracaq hərəkəti yerinə yetirmək üçün doğru zehin halına girməyə imkan verən dəyişdirilə bilən bir linza. Finiş xətti barədə narahat olma, çünki görəcəyimiz kimi, o mövcud deyil. Zövq tərəqqidə tapılır.
  • Bir illik linza: Köhnə nümunəni qırdığını bilməyin üçün bir il ərzində nə doğru olmalıdır? Bir konkret şey.
  • Bir aylıq linza: Bir illik linzanın mümkün qalması üçün bir ay ərzində nə doğru olmalıdır?
  • Gündəlik linza: Çevrildiyin insanın sabah sadəcə edəcəyi, vaxt ayıra biləcəyin 2-3 hərəkət nədir? Bu çox oldu. Ümid edirəm faydalı oldu. Amma hər şeyi kilidləmək üçün son bir hissəmiz var. Mənimlə qal.

VII – Həyatını video oyununa çevir

Daxili təcrübənin optimal vəziyyəti şüurda nizam olduğu zaman baş verir. Bu, psixi enerji — və ya diqqət — real hədəflərə yatırıldıqda və bacarıqlar hərəkət üçün imkanlarla uyğunlaşdıqda baş verir. Hədəfin izlənməsi fərqindəlikdə nizam yaradır, çünki insan diqqətini əlindəki tapşırığa cəmləməli və müvəqqəti olaraq başqa hər şeyi unutmalıdır. – Mihaly Csikszentmihalyi

İndi yaxşı həyata aparan bütün komponentlərə sahibsən. İndi bütün fərqindəliklərini bir əlaqəli plana təşkil etmək faydalı ola bilər. Yeni bir səhifə çıxar və bu 6 komponenti yaz:

  1. Anti-vizyon – Varlığımın bəlası və ya bir daha heç vaxt yaşamaq istəmədiyim həyat nədir?
  2. Vizyon – İstədiyimi düşündüyüm və ona doğru çalışdıqca təkmilləşdirə biləcəyim ideal həyat nədir?
  3. 1 illik hədəf – Həyatım 1 il sonra necə görünəcək və bu, istədiyim həyata daha yaxındırmı?
  4. 1 aylıq layihə – Nəyi öyrənməliyəm? Hansı bacarıqları əldə etməliyəm? Məni bir illik hədəfə yaxınlaşdıracaq nə qura bilərəm?
  5. Gündəlik rıçaqlar – Layihəmi tamamlanmağa yaxınlaşdıran prioritet, nəticəyə təsir edən tapşırıqlar hansılardır?
  6. Məhdudiyyətlər – Vizyonuma sıfırdan çatmaq üçün nəyi qurban verməyə razı deyiləm? Bu niyə bu qədər güclüdür? Çünki bu komponentlər sözün əsl mənasında sənin öz kiçik dünyanı yaradır. Əgər həyatının bu mərhələsində bu hədəflər iyerarxiyasını izləmək qismətindirsə, obsessiv (müsbət mənada vəsvəsəli) olmaqdan başqa çarən qalmayacaq. Daha böyük bir şeyə doğru çəkiliş hiss edəcəksən. Başqa heç nəyi seçim kimi görməyəcəksən.

Sən həyatını video oyununa çevirirsən. Çünki oyunlar obsessiya, həzz və "axın" (flow) vəziyyətlərinin simvoludur. Onlar fokus və aydınlığa aparan bütün komponentlərə malikdirlər, buna görə də o komponentlərin nə olduğunu təhlil etsək, daha dərin həzz, daha az yayındırıcı amil və daha çox uğur vəziyyətində yaşaya bilərik.

  • Vizyonun necə qalib gəldiyindir. Ən azı oyun inkişaf edənə qədər.
  • Anti-vizyonun riskdə olan şeydir. Uduzsan və ya imtina etsən nə baş verəcək.
  • 1 illik hədəfin missiyandır. Bu sənin həyatdakı yeganə prioritetindir.
  • 1 aylıq layihən "boss" döyüşüdür (əsas rəqiblə mübarizə). XP (təcrübə xalı) qazanmağın və "loot" (qənimət) əldə etməyin yoludur.
  • Gündəlik rıçaqların kvestlərdir (tapşırıqlar). Yeni fürsətləri açan gündəlik proses.
  • Məhdudiyyətlərin qaydalardır. Yaradıcılığı təşviq edən limitlər. Bunların hamısı diqqətini yayındırıcı amillərdən və parıltılı obyektlərdən qoruyan konsentrik dairələr, bir güc sahəsi kimi fəaliyyət göstərir. Oyunu nə qədər çox oynasan, bu güc bir o qədər artır və tezliklə o, sənin kimliyinə çevrilir və sən bunu başqa cür istəməzdin.

– Dan