Microsoft oyun sənayesində uzun müddətdir gözlənilən böyük sirri nəhayət açdı. Şirkət növbəti nəsil oyun konsolunun kod adının "Project Helix" olduğunu və bu cihazın həm Xbox, həm də PC oyunlarını işlədəcəyini təsdiqlədi.
Cümə axşamı günü Microsoft-un oyun bölməsi sosial media hesablarında "Project Helix" loqosunu əks etdirən qısa bir tizer videosu paylaşdı. Bu xəbər dərhal oyun ictimaiyyətinin diqqət mərkəzinə çevrildi.
Xbox-ın yeni rəhbəri (CEO) Aşa Şarma (Asha Sharma) mövzu ilə bağlı verdiyi açıqlamada bildirib:
"Team Xbox ilə günə möhtəşəm başladıq. Növbəti nəsil konsolumuz olan Project Helix də daxil olmaqla, Xbox-ın qayıdışı haqqında müzakirə etdik. Project Helix performansa liderlik edəcək və sizin həm Xbox, həm də PC oyunlarınızı işlədəcək."
Şarma həmçinin gələn həftə keçiriləcək GDC (Oyun Tərtibatçıları Konfransı) zamanı tərəfdaşlar və studiyalarla bu yeni cihaz haqqında daha ətraflı söhbət edəcəyini qeyd edib.
Bu açıqlama ilə Microsoft ilk dəfə rəsmi olaraq yeni konsolun hibrid PC cihazı olacağını təsdiqləmiş oldu. Əslində bu barədə şayiələr keçən ilin oktyabr ayından gəzməyə başlamışdı. Texnologiya bloqeri Moore’s Law is Dead, yeni Xbox-ın prosessorunu nümayiş etdirərək, cihazın digər rəqəmsal mağazalardakı (məsələn, Steam və ya Epic Games) PC oyunlarını da dəstəkləyəcəyini iddia etmişdi.
Xbox-ın sabiq prezidenti Sara Bond da daha əvvəl verdiyi müsahibələrdə növbəti konsolun Asus ROG Ally kimi portativ cihazların məntiqinə yaxın olacağına işarə etmişdi.
Yeni konsol nə vaxt çıxacaq?
Əvvəllər Microsoft və Sony-nin yeni nəsil konsollarını 2027-ci ildə təqdim edəcəyi gözlənilirdi. Lakin qlobal da çiplərin və ramların qiymətlərinin artması səbəbindən bəzi ekspertlər bu tarixin 2028 və ya 2029-cu illərə qədər gecikə biləcəyini ehtimal edirlər.
Buna baxmayaraq, "Project Helix"in PC oyunlarını dəstəkləməsi faktı Xbox-ı rəqabətdə bir addım öndə çıxara bilər.