Dünya kinosunda böyük əks-səda doğuran və ilk iki filmi ilə ümumilikdə 1,1 milyard dollar gəlir əldə edən "Dune" seriyası tamamlanır. Rejissor Denis Villeneuve-in iddialı layihəsinin finalı sayılan üçüncü film üçün ilk fraqment artıq izləyicilərə təqdim edilib.
Fraqment Paul Atreides ilə Fremen döyüşçüsü Çaninin görüşü ilə açılır. Xatırlayırsınızsa, ikinci filmin sonunda Çani Paulu tərk edərək səhraya üz tutmuşdu. Onların yeni filmdəki söhbəti obrazların gələcək taleyi haqqında mühüm ipucları verir.
Frank Herbertin "Dune Messiah" romanı əsasında çəkilən filmdə Paulun bacısı Alia obrazı ilk dəfə aydın şəkildə görünür. Məşhur aktrisa Anya Taylor-Joy tərəfindən canlandırılan Alia, Bene Gesserit tərəfindən "Abomination" kimi adlandırılan qeyri-adi bir fiqur olaraq təqdim edilir.
Fraqmentin ən böyük sürprizi isə birinci filmdə həlak olan **Duncan Idahonun **geri qayıtmasıdır. Bundan əlavə, Paulun qarşısındakı yeni təhlükə — cildini dəyişə bilən sui-qəsdçi Skytale obrazı da diqqət çəkir. Bu obrazı ulduz aktyor Robert Pattinson canlandırır.
Verilən məlumata görə, "Dune 3" Paul Atreidesin imperatorluq taxtını ələ keçirməsindən 17 il sonrakı hadisələri əhatə edəcək.
Denis Villeneuve bu filmi əvvəlki iki hissə ilə müqayisədə daha çox **triller **janrına yaxın kimi təsvir edir. Rejissor bildirib ki, ilk iki film seriyanın birinci kitabını əhatə etdiyi halda, üçüncü film həm ton, həm də hekayə quruluşu baxımından tamamilə fərqli olacaq.
"Dune 3" böyük ölçüdə 65 mm formatında çəkilib, lakin bəzi səhnələrdə rəqəmsal və IMAX kameralardan istifadə olunub. Bu, Villeneuve-in karyerasında bir ilkdir. Arrakis planetinin fərqli coğrafi bölgələri və iqlimlərinin nümayiş olunacağı filmin musiqilərini isə yenə dahi bəstəkar Hans Zimmer bəstələyəcək.
Aktyor Heyəti
Filmdə Paul və Çaninin uşaqları — Leto II və Ghanima obrazlarını Nakoa-Wolf Momoa və Ida Brooke canlandıracaq. Digər rollarda:
- Rebecca Ferguson (Lady Jessica)
- Josh Brolin (Gurney Halleck)
- Javier Bardem (Stilgar)
- Florence Pugh (Şahzadə Irulan)
Warner Bros. "Dune 3"
Premyera Tarixi
Elmi-fantastika həvəskarlarının səbirsizliklə gözlədiyi "Dune 3" filmi 18 dekabr 2026-cı il tarixində kinoteatrlarda nümayiş olunacaq.