Rejissor Antoine Fuqua konsert və klip səhnələrini orijinal qeydlərə sadiq qalaraq uyğunlaşdırıb, texniki baxımdan steril və göstərişli bir iş ortaya qoyub. Amma hekayənin arxa planına keçəndə filmin ciddi boşluqları üzə çıxır. Əvvəla, bu ekran işi sənətçinin bütün həyatını əhatə etmir, yalnız uşaqlığından 1988-ci ilə qədər olan dövrü göstərir. Film eynilə "Bohemian Rhapsody"nin takıldığı əngəllərə ilişərək xarakteri dərindən analiz etməkdən qaçır, sadəcə uğurları sıralayır. Ailə daxili dinamikalar olduqca səthidir; valideyn obrazları kəskin şəkildə yaxşı və pis kimi kodlanır, qardaşlara isə ümumiyyətlə yetərli ekran vaxtı ayrılmır. Tənqidçilərin filmi bu qədər aşağı qiymətləndirməsinin ən böyük səbəbi də elə yapımcıların Jackson-ın yaxın çevrəsindən olması və filmin tamamilə birtərəfli baxış bucağına sahib olmasıdır.
Filmin 1988-ci ildə bitməsi isə əslində məcburi bir qərarın nəticəsidir. Bir bioqrafiya filmi anlatdıqları qədər anlatmadıqları ilə də səs-küy yaradır. Jackson-ın həyatındakı ən səs-küylü iddialardan biri olan uşaq istismarı mövzusu tamamilə kənarda qalıb. Əslində, filmin orijinal versiyasının üçüncü hissəsi 1994-cü ildə Jackson-ın 23 milyon dollar ödədiyi Jordan Chandler davasına fokuslanırdı. Lakin ailə ilə edilən razılaşmaya əsasən, bu ismin filmdə çəkilməsi qadağan idi. Nəticədə filmin böyük bir hissəsi kəsildi, 50 milyon dollar əlavə xərc cəlb edərək yenidən çəkilişlər aparıldı və final iddiaların hələ başlamadığı 1988-ci ilə çəkildi.
Bütün bu pərdəarxası problemlərlə yanaşı, filmin ən çox səs-küy yaradan və müzakirə edilən tərəfi şübhəsiz ki, aktyor seçimidir. Gənc Michael-ı canlandıran Juliano Krue Valdiyə xüsusi bir parantez açmaq lazımdır; o, mükəmməl enerjisi ilə hekayənin zəif qalan ilk hissəsini çiyinlərində daşımağı əla bacarır. Lakin əsas rolu canlandıran sənətçinin öz qardaşı oğlu Jaafar Jackson üçün eyni sözləri deyə bilməyəcəyəm. Tənqidçilər və tamaşaçıların böyük əksəriyyəti onun düz iki il bu rola hazırlaşmasını, ekrandakı səhnə hakimiyyətini və rola nüfuz etməsini yerə-göyə sığdırmırlar. Hər kəs bu seçimi ilin ən yaxşı qərarlarından biri hesab etsə də, mən bu ümumi coşquya heç cür qatıla bilmirəm. Şəxsən mənim fikrimcə, Jaafar bu rola ümumiyyətlə yaraşmayıb. Nə qədər əmisinin gündəliklərini oxuyub, otağında uzun zaman keçirsə də, mənim üçün o əsl inandırıcılıqdan uzaq idi və ekranda o bənzərsiz Michael Jackson aurasını, o sehrli hissi mənə tam olaraq verə bilmədi.
Müəllifin balı