"Netflix"in Braziliya istehsalı olan yeni triller serialı "Radioaktiv təcili hal" (orijinal adı: Emergência Radioativa) platformada yayımlandığı ilk günün ardınca qlobal izlənmə siyahılarında üst sıralara qalxıb.
1986-cı ildəki Çernobıl qəzasından cəmi bir il sonra Braziliyada baş verən nüvə fəlakətindən ilhamlanan ekran işi qısa müddət ərzində "Netflix"in ingilis dilində olmayan seriallar reytinqində birinciliyə yüksəlib. Rəsmi "Top 10" məlumatlarına görə, sözügedən serial 17-23 mart həftəsində 7 milyon izlənmə toplayaraq platformanın dünya üzrə ən çox izlənilən qeyri-ingilisdilli serialı olub. Ekran işi, həmçinin Braziliya başda olmaqla bir çox ölkədə gündəlik siyahılarda ilk sıralarda qərarlaşıb.
Hadisələrin mərkəzində Qoyaniya (Goiânia) fəlakəti dayanır
"Radioaktiv təcili hal" fiziklərin və həkimlərin böyük bir radioloji fəlakəti nəzarət altına almaq və minlərlə insanın həyatını xilas etmək üçün zamana qarşı apardıqları mübarizədən bəhs edir.
"Tudum" platformasında yer alan təqdimata əsasən, hekayə 1987-ci ildə Braziliyanın Qoyaniya şəhərində baş verən real hadisələrdən ilhamlanıb. Belə ki, kiçikmiqyaslı bir oğurluq cəhdinin dəhşətli ssenari ilə nəticələnməsi səbəbindən radioaktiv maddə şəhər əhalisi arasında sürətlə yayılır; ilk tibbi yardım qrupları, həkimlər və nüvə fizikləri isə böyüyən bu böhranın qarşısını almağa çalışırlar.
Güclü debüt səs-küy yaratdı
2026-cı il istehsalı olan serial ümumilikdə 5 hissədən ibarətdir. Ekran işinin aktyor heyətində Johnny Massaro, Paulo Gorgulho və Ana Costa kimi adlar yer alır. Serialın yaradıcısı isə "1 Contra Todos" layihəsi ilə tanınan Gustavo Lipsztein.
Reytinq izləmə platforması olan "FlixPatrol"un məlumatları göstərir ki, 6 aprel tarixində serial "Netflix"in qlobal televiziya reytinqində hələ də ilk onluqdadır. Braziliyada isə bu ekran işi birinci pilləyə qədər yüksəlib.
Aktual problemləri tarixi hadisə üzərindən ekrana daşıyır
"Radioaktiv təcili hal" 1980-ci illərdə yaşanan bir fəlakətdən bəhs etsə də, nəzarət zəifliyi və ekoloji böhranların nəticələrinə köklənən tərzi ilə müasir dövrün aktual müzakirələrinə də toxunur. Serial radioloji fəlakətin texniki tərəfi ilə yanaşı, hadisənin fərdi və ictimai təsirlərini də özündə əks etdirir.
Bu baxımdan ekran işi sadəcə bir fəlakət serialı kimi yox, həm də ictimai səhiyyə, korporativ məsuliyyət və böhranın idarəedilməsi fonunda irəliləyən bir dram kimi də diqqət çəkir.
İlkin reaksiyalar müsbətdir
Serialla bağlı səsləndirilən ilk tənqidlər ümumilikdə müsbət yöndədir. İzləyicilər tərəfindən layihənin gərginlik hissini yüksək tutan strukturu və real hadisələrə əsaslanan hekayəsi xüsusi vurğulanır. Layihə məşhur "Rotten Tomatoes" platformasında 88%-lik izləyici reytinqi ilə özündən söz etdirməyə davam edir.
"Netflix"in son dövrlərdə beynəlxalq layihələrlə əldə etdiyi geniş kütləyə çıxış imkanlarını nəzərə alsaq, bu serial da qlobal maraq doğuran ingilis dilində olmayan yeni və uğurlu ekran işlərindən biri kimi öz təsdiqini tapmış vəziyyətdədir.