Bununla belə, ekran işinin özlüyündə olduqca böyük potensialı var. Ona sadəcə sıradan bir elmi-fantastika (sci-fi) kimi yanaşmaq ədalətsizlik olar. Çünki bu film həm dünyamız üçün hələ də ümidin qalıb-qalmadığını, həm də müasir dövrümüzdə dostluq əlaqələrinin nə dərəcədə həqiqi olduğunu bizə sorğuladan dərin bir hekayəyə sahibdir.
Süjet xətti yaddaşını itirmiş bir orta məktəb fizika müəlliminin kosmik gəmidə oyanması ilə başlayır. Təsəvvür edin: dünənə qədər sadəcə adi bir müəllim olan bu adam, ayıldıqda bütün dünyanın taleyinin onun əllərində olduğunu anlayır və bu nəhəng layihəni tamamlamaq məcburiyyətində qalır. Yeri gəlmişkən, film "The Martian" kitabının müəllifi Andy Weir-in eyniadlı əsəri əsasında ekranlaşdırılıb. Ekran işi sadəcə "mən kosmos filmiyəm" deməklə kifayətlənmir, eyni zamanda yerində işlədilmiş komediya səhnələri ilə də izləyicini özünə bağlamağı bacarır.
Filmin axıcılığında xüsusi pay sahibi yadplanetli personaj olan Rocky-dir. Onun üçün yazılmış dialoqlar, filmin uzun xronometrajına baxmayaraq hekayənin çox rəvan irəliləməsinə böyük kömək edir. Lakin etiraf etmək lazımdır ki, filmin əvvəlində – yəni Rocky hələ hekayəyə daxil olmadığı açılış səhnələri ilk baxışdan bir qədər uzun və sıxıcı gələ bilər. Bu giriş hissəsi tamaşaçıdan bir az səbr tələb edir.
Ekran işinin rejissorluğu "Spider-Man: Into the Spider-Verse" kimi inqilabi animasiya layihəsinin əsas yaradıcıları olan Christopher Miller və Phil Lord-a həvalə olunub. Baxmayaraq ki, bu ikili sənayedə kifayət qədər tanınır, "Project Hail Mary" kimi irimiqyaslı və fəlsəfi dərinliyi olan elmi-fantastika janrına keçid etmək onlar üçün karyeralarının ən böyük çağırışlarından biri idi. Buna rəğmən, rejissorlar nümayiş etdirdikləri vizual rəvanlığı və təhkiyə ustalığını bu janra da uğurla inteqrasiya edərək, texniki baxımdan qüsursuz bir iş ortaya çıxarıblar.
Filmin aktyor heyəti də xüsusi diqqətəlayiqdir. Baş rolda çıxış edən Ryan Gosling ənənəsinə sadiq qalaraq yenə də güclü, emosional və inandırıcı bir performans sərgiləyir. Xüsusilə son illərdə beynəlxalq arenada adından tez-tez söz etdirən Sandra Hüller-in ifası isə ekran işinin ən güclü tərəflərindən biridir; o, öz xarakterinin psixoloji dərinliyini və ciddiyyətini ustalıqla çatdıraraq izləyicidə silinməz təəssürat yaradır.
Ümumilikdə, bu ekran işi bizə ümidin və əsl dostluğun hər zaman ən böyük xilas yolu olduğunu göstərir. Müasir dövrümüzdə "dostluq" anlayışının tamamilə dəyişdiyi, əksər münasibətlərin yalnız mənfəət və qarşılıqlı maraqlar üzərində qurulduğu bir vaxtda, film bizi bu dəyərləri yenidən sorğulamağa vadar edir. Halbuki, əsl dostluq heç bir təmənna güdmədən, qarşılıq gözləmədən yaşanmalı olan dərin bir bağdır. Dostluq sadəcə yaxşı günlərdə, hər şey yolunda gedərkən kiminsə yanında olmaq deyil; ən çətin anlarda belə onu düşünmək, fədakarlıq etmək və məsafələrdən asılı olmayaraq o bağı qoruya bilməkdir. "Project Hail Mary" məhz bu təmənnasız dostluğun və heç vaxt sönməyən ümidin kainatın ən qaranlıq künclərini belə necə işıqlandıra biləcəyini bizə mükəmməl şəkildə xatırladır.
Müəllifin balı