Son günlər internetin gündəmini zəbt edən yeganə mövzu, şübhəsiz ki, Epşteyn sənədləridir. Qaranlıq faktların və siyahıların arasında oyun dünyasını maraqlandıran gözlənilməz bir detal da üzə çıxdı.
Oyun Nəhənglərinin Ortaq Qərarı
Hər şey 2012-ci ildə başladı. Xbox, Sony və Blizzard kimi sənaye nəhəngləri, Nyu-York ştatı rəhbərliyi ilə əməkdaşlıq edərək ortaq bir təşəbbüsə imza atdılar. Məqsəd, qeydiyyatda olan cinsi cinayətkarların onlayn platformalardan tamamilə uzaqlaşdırılması idi. Məlum olur ki, bu "təmizlik" işi Ceffri Epşteynin (Jeffrey Epstein) də qapısını döyüb.
Epşteynin e-poçt qutusundakı sürpriz
Yayımlanan sənədlər arasında birbaşa Epşteynin e-poçt ünvanına Xbox-dan göndərilmiş bir neçə bildiriş aşkar edilib.
- Birinci bildiriş: Epşteynin platformadan "permaban" (ömürlük qadağa) aldığını təsdiqləyir. Qeydiyyatda olan cinsi cinayətkar statusuna görə o, 2013-cü ildə Xbox Live şəbəkəsindən qovulub.
- İkinci bildiriş: Qərarın hüquqi əsaslarını daha detallı izah edir. Göndərilən məktubda deyilir:
Bu tədbir, Nyu-York Baş Prokurorluğunun Microsoft və digər onlayn oyun şirkətləri ilə qurduğu əməkdaşlığa əsaslanır. Məqsəd, Nyu-Yorkda qeydiyyatda olan cinsi cinayətkarları onlayn oyun xidmətlərindən uzaqlaşdırmaqla, başda uşaqlar olmaqla digər istifadəçilər üçün riskləri minimuma endirməkdir.
Nəticə etibarilə, bu e-poçt ünvanı ilə əlaqəli heç bir Xbox LIVE hesabı sistemə daxil ola bilməyəcək.
Keçmiş Rəhbərdən Reaksiya
Bu sənədlərin üzə çıxmasından sonra Xbox Live-ın keçmiş rəhbəri Larri Hrib səssiz qalmayıb. O, "BlueSky" sosial şəbəkəsində paylaşım edərək, illər öncə atdıqları bu addıma görə keçmiş komandasını təbrik edib.