Hazelight Studios-un qurucusu və rejissoru Josef Fares, Electronic Arts-ın (EA) illər ərzində "layiq olduğundan daha çox tənqid olunduğunu" hiss etdiyini bildirərək şirkəti müdafiə edib.
Mükafat qazanan studiyanın rəhbəri (It Takes Two və keçən il yayımlanmış Split Fiction oyunlarının yaradıcısı) "The Game Business"ə verdiyi müsahibədə EA ilə münasibətlərindən danışıb və tərəfdaşlığın "super" olduğunu qeyd edib.
Fares, sənayedəki digər böyük oyunçuları da misal çəkərək, EA-nın haqsız yerə hədəf seçildiyini vurğulayıb:
"Gəlin səmimi olaq, dünyada elə bir yayımçı yoxdur ki, arada bir işləri korlamasın. Bəzən mənə elə gəlir ki, EA layiq olduğundan daha çox tənqid olunur," – deyə Fares bildirib.
"Yəni, bir baxın, Nintendo, Microsoft, Sony – hamısı yaxşı olmayan nəsə edib. Amma nədənsə EA 'pis adam'a çevrilib."
EA tez-tez sənayedə "pis adam" kimi etiketlənsə də, Fares israr edir ki, şirkətdə "yetəri qədər əla insanlar" var və onlar Hazelight-ın işləmə gedişatına hörmət edirlər.
O əlavə edib ki, EA-da "oyunları sevən" insanlarla əhatə olunub və özünü sadəcə korporativ işçilərin arasında hiss etmir. Fares həmçinin bunu da qeyd edib ki, əgər vəziyyət dəyişə belə, narahat deyil, çünki Hazelight həmişə "istədiyini edəcək".
Bundan əvvəl Fares bildirmişdi ki, EA studiyanın yaradıcılığına heç vaxt müdaxilə etməyib: "Burada yaradıcılıq üçün heç bir məhdudiyyət yoxdur. Studiyada hər şey qaydasındadır... 'Bunu etməlisən, o mərhələdən keçməlisən' kimi baryerlər yoxdur."
Hazelight-ın son oyunu Split Fiction keçən ilin mart ayında buraxılıb və böyük uğur qazanaraq qısa müddətdə milyonlarla nüsxə satıb.