Bu gün istədiyimiz filmi bir neçə saniyəyə tapa bilirik. Alqoritmlər nəyi sevəcəyimizi bizdən əvvəl bilir, treylerlər hər şeyi əvvəlcədən deyir, səbirsizliyimiz isə bizi ilk dəqiqədə yorur. Amma bütün bu sürətin içində elə filmlər var ki, alqoritmlərlə yox, düşüncələrimizlə danışır. Hiss etdiklərimizi sözə çevirir, bəzən də özümüzlə üz-üzə qoyur.
Bu məqalə “ən yaxşı filmlər” siyahısı deyil.
Bu — səni dəyişdirə biləcək filmlər siyahısıdır.
Əgər 2026-dırsa və sən hələ də bu filmlərə baxmamısansa — bəlkə də indi vaxtıdır.
10.The Seventh Seal(1957)
Ingmar Bergmanın The Seventh Seal filmi ölüm haqqında deyil — ölüm qarşısında verilən suallar haqqındadır. Orta əsrlərin vəba içində boğulan dünyası sadəcə fon rolunu oynayır. Əsl hekayə insanın içində baş verir.
Kruzadadan qayıdan şövalyə Antonius Block artıq inanmır. Daha doğrusu, inanmaq istəyir, amma cavab tapa bilmir. Və bu boşluqda Ölümün özü ilə şahmat oynayır. Bu oyun qalib gəlmək üçün deyil. Bir az vaxt qazanmaq, bəlkə də bir cümləlik cavab tapmaq üçündür.
Bu film ölümü qorxulu göstərmir. Onu sakit, qaçılmaz və çox real göstərir. Və insanı bir sualla tək buraxır: mənasız görünən bu dünyanın içində yaşamaq nəyə dəyər?
9.I’m Thinking of Ending Things (2020)
Charlie Kaufmanın 2020-ci ildə çəkdiyi I’m Thinking of Ending Things böyük hadisələrdən yox, insanın içində səssizcə gedən dağılmadan danışır.
Hekayə sadə başlayır: bir qadın sevgilisi ilə birlikdə onun ailəsinin yanına gedir. Yol uzandıqca söhbətlər qəribə hal alır, vaxt qarışır, insanlar dəyişirmiş kimi görünür. Çünki burada gördüyümüz hər şey reallıqdan çox, düşüncələrin içində baş verir.
Filmdəki “ending” yalnız bir münasibətin bitməsi deyil. Bu, insanın öz həyatına baxıb “bura qədər nə etdim?” sualını verməsidir. Tək qalmaqdan yox, illər boyu özünə yad yaşamaqdan yaranan yorğunluqdur.
8.The Father (2020)
The Father (2020) sakit filmdir. Hətta bəzən darıxdırıcı kimi görünə bilər. Amma bu darıxma təsadüfi deyil. Film səni Entoninin yerinə qoyur və buraxmır.
O nə baş verdiyini tam bilmir. Sən də bilmirsən. O insanlara əsəbləşir, sən də əsəbləşirsən. Kimin doğru dediyini, kimin yalan danışdığını ayırd edə bilmirsən. Ev dəyişir, üzlər dəyişir, xatirələr sürüşüb gedir. Və ən pis tərəfi — bunun fərqində olmaqdır.
Bu film ağlatmaq istəmir. Səni sıxmaq da istəmir. Sadəcə bir hissi göstərir: artıq özünə güvənə bilməmək. Dünən bildiyin şeyin bu gün səhv ola biləcəyi qorxusu.
Filmin sonunda dramatik nəsə olmur. Sadəcə bir insan qalır. Yorğun. Qarışıq. Uşaq kimi köməksiz. Baxandan sonra insan valideynini qucaqlamaq istəyir, amma bu hemişə mümkün olmur.
The Father yaddaş haqqında deyil.
Bu film itmək haqqındadır.
7.Past Lives (2023)
Bəzən insan kimisə itirmir. Sadəcə başqa bir həyat ehtimalını itirir.
Past Lives dramatik qərarlar haqqında deyil. Susmuş hisslər haqqındadır. Zamanın ayırdığı iki insanın içində qalan, amma heç vaxt tam ifadə olunmayan bir yaxınlıqdan danışır.
Bu film “nə olardı əgər?” sualını vermir. Çünki cavabın olmadığını bilir. Baxandan sonra hər şey sakitdir, amma içində izah edə bilmədiyin bir boşluq qalır.
6.The Lobster (2015)
Yorgos Lanthimosun The Lobster filmi ilk baxışda absurd və gülməli görünür. Qaydalar sərtdir, insanlar robot kimi danışır, hər şey süni təsir bağışlayır. Amma bu soyuqluğun altında çox tanış bir qorxu var — tək qalmaq qorxusu.
Bu dünyada subay olmaq qadağandır. Münasibətin bitdisə, səni bir otelə göndərirlər. 45 günün var ki, özünə uyğun birini tapasən. Tapmasan, seçdiyin heyvana çevrilirsən. İnsan olaraq tək qalmaq bu sistemdə heyvan olmaqdan daha pis sayılır.
Film sevgi haqqında deyil. Sevginin necə məcburiyyətə çevrildiyi haqqındadır. İnsanlar bir-birini sevdiyi üçün yox, eyni xüsusiyyətə sahib olduqları üçün “uyğun” hesab olunur. Eyni zəiflik, eyni problem, eyni qüsur. Çünki fərqli olmaq risklidir. Uyğunlaşmaq isə təhlükəsizdir.
Ən narahatedici tərəfi odur ki, film kimisə açıq şəkildə günahlandırmır. Sadəcə göstərir ki, biz bəzən tək qalmamaq üçün özümüzü necə dəyişirik. Sevilmək üçün necə rol oynayırıq. Normal görünmək üçün kim olduğumuzu gizlədirik.
Əgər səni sevmələri üçün özün olmamalısansa — bu hələ də sevgi sayılırmı?
5.Nocturnal Animals (2016)
Nocturnal Animals sakit görünən, amma içində davamlı gərginlik daşıyan filmdir. Səssizdir, amma rahat buraxmır. Baxdıqca anlayırsan ki, burada qorxulu olan hadisələr yox, keçmişin geri qayıtmasıdır.
Film iki həyat üzərində qurulub. Biri indi yaşanan, soyuq və boş bir həyatdır. Digəri isə kitabın içində baş verən, daha qaranlıq və daha ağrılı bir hekayə. Amma bu iki dünya bir-birindən ayrı deyil. Onları birləşdirən şey intiqam yox, peşmanlıqdır.
Bu film səs-küylü qisas hekayəsi deyil. Kiminsə qalib gəldiyi bir son da yoxdur. Sadəcə vaxtında deyilmiş sözlər, verilməmiş qərarlar var. Və onların illər sonra necə ağır bir yükə çevrildiyi.
Ən ağrılı hiss budur: bəzən insan kimisə tərk etmir, sadəcə onu yarımçıq qoyur. Və illər keçsə də, o yarımçıq qalan hiss içində qalır. Həyat davam edir, amma içində nəsə bağlanmır.
4.In the Mood for Love (2000)
Bu film tələsmir. Heç səni də tələsməyə qoymur. In the Mood for Love hisslərin yavaş-yavaş üzə çıxdığı, amma heç vaxt tam yaşanmadığı bir hekayədir.
İki insan eyni binada yaşayır. Hər ikisi də xəyanətlə üzləşir. Aralarında bir yaxınlıq yaranır, amma bu yaxınlıq heç vaxt adını almır. Çünki onlar başqalarının etdiyi səhvi təkrarlamaq istəmirlər. Və bəzən ən böyük fədakarlıq — hiss etdiyini yaşamamaq olur.
3.The Worst Person in the World (2021)
Bu film gənclik haqqında deyil. Qararsızlıq haqqındadır. Kim olduğunu bilməmək, nə istədiyini gec anlamaq və bununla yaşamaq haqqındadır.
Julie həyatını “sonra qərar verərəm” deyə-deyə yaşayır. Sevir, bezir, dəyişir. Heç biri dramatik deyil. Hər şey çox tanışdır. Çünki bu film böyük səhvlərdən yox, kiçik seçimlərin insanı haraya apardığından danışır.
Burada kiminsə açıq-aşkar günahı yoxdur. Julie pis insan deyil. Sadəcə zamanla yarışır və uduzur. Bəzən insan başqalarına yox, öz gözləntilərinə xəyanət edir.
Film deyir ki, bəzən “ən pis insan” olmaq kimisə incitmək deyil. Daim yarımçıq qalmaqdır. Hissləri tam yaşaya bilməməkdir. Və bir gün başa düşməkdir ki, bəzi anlar geri qayıtmır.
2.Mother!(2017)
Darren Aronofskynin Mother! (2017) filmi baxılan bir hekayə deyil — yaşanan bir gərginlikdir. Sən onu izləmirsən, film səni içinə salır və çıxmağa icazə vermir. Rahatsızlıq yavaş-yavaş yox, davamlı şəkildə gəlir.
Hekayə sadə görünür: bir ev, bir qadın, bir kişi. Qadın evi bərpa edir, nizam yaradır, qoruyur. Kişi yazır, düşünür, susur. Amma bu ev təhlükəsiz məkan deyil. Qapı açıldıqca yad insanlar içəri girir, və ən ağrılı tərəfi — qadının etirazı heç kim tərəfindən ciddi alınmır.
Bu film səs-küylü qorxu filmi deyil. Burda qorxulu olan dinlənilməməkdir. “Bu mənim evimdir” deməyin mənasız qalmasıdır. İnsan öz məkanında belə yad hiss edə bilərmi? Mother! bu sualı sakitcə, amma amansızca verir.
Əslində bu film münasibət haqqındadır. Tərəfdaşının sənə yox, öz yaradıcılığına, öz egosuna daha çox dəyər verməsi haqqındadır. Sevgi ilə istifadə olunma arasındakı o incə, amma dağıdıcı sərhəd haqqındadır. Qadın hər şeyini verir, kişi isə onu “ilham” kimi görür — insan kimi yox.
1.Eyes Wide Shut (1999)
Bu film nə gizli sektalar haqqındadır, nə də erotik fantaziyalar barədə. Bunlar sadəcə fondu. Əslində Eyes Wide Shut bir gecənin içində dağılan bir arxayınlıq hissidir.
Bill həyatından razıdır. Evi var, ailəsi var, hər şey nəzarət altındadır. Ta ki arvadı ona bir vaxtlar başqa birini istədiyini deyənə qədər. Bu etiraf xəyanət deyil, amma ondan da ağırdır. Çünki Bill ilk dəfə başa düşür ki, sevdiyi insan onun düşündüyü qədər “sadiq” deyil.
O gecə küçələrdə dolaşır, amma axtardığı şey seks deyil. Özünü təsdiqləmək istəyir. Hələ də arzu edilən biri olduğunu, hələ də nəzarətin onda olduğunu özünə sübut etməyə çalışır. Amma nə qədər irəli getsə də, bir o qədər yad qalır. Heç bir yer ona aid deyil.
Filmdəki ən narahatedici hiss qorxu deyil. Utancdır. Yetərsiz qalmaq hissi. Bir münasibətin içində belə tək qala bilmək ehtimalı.