Ədəbiyyat tarixinin ən təsirli modern klassiklərindən biri olan “Lord of the Flies”, bu dəfə televiziya ekranlarında izləyicilərlə görüşməyə hazırlaşır. William Goldingin 1954-cü ildə nəşr olunan və insan təbiətinin qaranlıq tərəflərini bir qrup uşağın timsalında göstərilən romanı, BBC tərəfindən 4 hissəlik bir miniserial olaraq uyğunlaşdırılır.
Daha əvvəl 1963 və 1990-cı illərdə iki fərqli film ilə kinosevərlərin qarşısına çıxan əsər, ilk dəfə serial formatında tamaşaçılara təqdim olunacaq. Serialın ssenarisi “Skins” və “National Treasure” kimi uğurlu layihələrlə tanınan Jack Thorne tərəfindən qələmə alınıb. Rejissor kürsüsündə isə “Lady Macbeth” filmi ilə tanınan William Oldroyd əyləşir.
“Lord of the Flies” serialı nədən bəhs edir?
Hekayə, İkinci Dünya Müharibəsi zamanı təyyarələri qəzaya uğrayan və kimsəsiz bir adada tək qalan bir qrup məktəbli uşağın başına gələn hadisələrdən bəhs edir. Böyüklərin olmadığı bu adada uşaqlar əvvəlcə öz nizam-intizamlarını qurmağa çalışsalar da, zaman keçdikcə sivilizasiyadan uzaqlaşaraq vəhşiliyə və xaosun içinə sürüklənirlər.
Paylaşılan ilk fraqman, adanın həm valehedici gözəlliyini, həm də uşaqlar arasında artan gərginliyi və qorxunu vizual bir şəkildə ortaya qoyur. Serialın aktyor heyətində əsasən yeni simalar yer alır ki, bu da uşaqların adadakı təcrübələrinin daha real və təsirli şəkildə çatdırılmasına xidmət edir.
Serialın icraçı prodüserləri arasında yer alan Joel Wilson, layihə ilə bağlı etdiyi açıqlamada Goldingin mirasına sadiq qaldıqlarını və hekayəni müasir bir baxış bucağı ilə, lakin əsərin ruhunu zədələmədən çatdırmağı hədəflədiklərini bildirib.
4 hissədən ibarət olacaq və hər yeni hissə hekayənin mərkəzi obrazlarından birinin adını daşıyacaq: Ralf, Pigi, Simon və Cek. Serial 8 fevral tarixində BBC iPlayer platformasında yayımlanması gözlənilir.