Filmin mərkəzində duran Marti (Timoti Şalame) heç də ənənəvi "əziyyət çəkib zirvəyə qalxan" ilhamverici idmançı deyil. Əksinə, o; fırıldaqçı, manipulyator və özünə həddindən artıq aşiq biridir. Marti üçün həyat stolüstü tennis masası kimidir: sürətli, amansız və daim qarşı tərəfi əzməyə hesablanmış bir meydan. Şalame bu narsissist və dayanmaq bilməyən xarakteri elə ustalıqla, elə təbii oynayır ki, böyük ehtimalla bu il "Ən Yaxşı Aktyor" nominasiyasında Oskarı məhz o qazanacaq.
Digər tərəfdən, uzun fasilədən sonra ekrana qayıdan Qvinet Peltrounu (Gwyneth Paltrow) xüsusi qeyd etmək lazımdır. O, keçmiş kino ulduzu Kay rolunda həqiqətən möhtəşəmdir. O, həm Martinin daxili ehtiraslarının güzgüsü, həm də filmin dinamikasını balanslaşdıran əsas güclərdən biri kimi çıxış edir.
"Marty Supreme" idman kinosunun o şablon "yaxşı adam ol və qalib gəl" formulunu rədd edir. Marti irqçilik və kapitalizmin sərt reallıqları ilə dolu qəddar bir dünyada ləyaqətlə mübarizə aparmaq əvəzinə, o xaosun içinə atılır və qanunsuzluqdan qidalanır.
Filmin sonunda da bizə əxlaq dərsi keçilmir, qəhrəman mənəvi aydınlanma yaşamır. Ekrandakı o sürətli "pinq-ponq" heç vaxt dayanmır. Sadəcə xaosun içindən çıxmış və sırf öz eqosu hesabına ayaqda qalan bir adam görürük. Çünki bəzən bu qəddar dünyada sağ qalmağın tək yolu, o dünyanın özündən daha çılğın olmaqdır.
Müəllifin balı